top of page

TƏBİƏT VƏ EKOLOGİYA

Ümumi məlumat / Xəzər dənizi / Milli parklar / Qoruqlar / Yasaqlıqlar

XƏZƏR DƏNİZİ

Xəzər dənizi — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Axmaz olduğundan tərkibində duzun faizi 0,05% Volqa çayının deltasında 1—3%-dir. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsində təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.
 

Xəzərin sahəsi 380 000 km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km, ən dərin yeri 1 025 m-dir.
 


Fiziki-coğrafi xarakteristikası
 

Hazırda Xəzər dənizi dünyada ən böyük göl hesab olunur. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir. 2001-ci ilin ölçmələrinə əsasən, Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinin səthinin sahəsi 370 000 km²-dən çoxdur, bu göstərici daim olaraq dəyişir. Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i üç çayın payına düşür. Volqa (80%), Kür (6%) və Ural çayı (5%). Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzər dənizinin şərq sahilindən heç bir çay dənizə tökülmür.

 

Tarixi
 

Mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir.

Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (e.ə. VI-V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırılmışdır. Sovet tarixçisi L.A.Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla) o cümlədən Xəzəri qapalı hesab etmişdir. Lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edildi. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərmişdir. Xəzərə göl xarakteri e.ə. V-IV əsrlərdə daha çox irəli sürülürdü. Eyni zamanda əks nəzəriyyələr də mövcud idi. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman (həmin vaxt Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdır) İskəndərin silahdaşları belə hesab etmişlər ki, Sır-Dərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı hövzə olmasını müdafiə edirdi. Lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrini nəyin əsası məlum deyil.

E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədi ilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285-280-ci illərdə Hirkan hakimi Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi. Lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir. Tədqiqatçı Seyran Vəliyev yazır ki, Partokol Xəzərin şimalda şimal okeanı ilə birləşdiyi qənaətinə gəlmişdir. Həmin əsərin əldə olmamasına görə tədqiqatçı bunun səbəbini izah etmir. Lakin bu haqda elmi ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Bəzi alimlərə görə Partokl Qaraboğaz-Qöl körfəzinə gedən yolu okeana gedən boğaz hesab etmiş, başqalarına görə Manqışlağa qədər üzmüş yarımadanın şərqə döndüyündən okeanın başladığını zənn etmiş, bir başqasına görə isə Volqanı okeana gedən boğaz saymışdır. Yenə də L.A.Yelnski bunları təhlil edərək qeyd edir ki, Partokl Xəzərin yalnız Abşeron yarımadasınadək olan hissəsinədək üzmüş, qalan ərazini şimal dənizi hesab etmişdir. Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması əlbəttə bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu höfzəni okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilmişdir. Belə nəticəyə gəlindi ki, Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz. Ümumiyyətlə, Xəzərin tarixi haqqında qədim dövrdə daha çox yunan müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə Qəvzini, Əbül Fida, İstəxri, İdrisi) sonrakı əsrlərdə isə fars, türk, Avropa və rus səyyahları (İ.F.Seymanov, Q.V.Abix, N.N.Andrusov və s.) məlumat vermişlər. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdir. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut etmişdir. İstəxri yazırdı: "Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar".

Xəzərdəki neft haqqında tarixə belə fakt məlum olmuşdur ki, e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadırı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616-17-ci illərdə çəkilmişdir. Xəzərin yeni və daha dəqiq xəritəsi 1717-ci ildə təshis olunmuşdur. XVIII əsrin 20-ci illərində İ.F.Soymonov tərəfindən Xəzərin tədqiqi aparılmış 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir. XIX əsrin II yarısında isə Xəzərin tədqiqində İ.V.Tokmaçev və M.İ.Voynoviçemin xüsusi xidmətləri olmuşdur. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırladı, əsrin ortalarında bu iş kontr-admiral İ.İvasintsevin rəhbərliyi altında davam etdirildi. 1856-cı illərədək ekspedisiya işi davam etdirildi, 1874-cü ildə bu ekspedisiyaların nəticəsində iki cildlik Həştərxan-Bakı-Aşurada haqqında "qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik" adlı bütöv atlas nəşr olundu. XIX əsrdə P.S.Kollas, K.M.Ber, Q.V.Abix, E.X.Lents, N.İ.Andrusov və digərləri Xəzərin təbii şəraitinin öyrənilməsi sahəsində müəyyən işlər görmüş, bu işdə Bakı gömrüyünün və Xəzərdəniz hidrometroloji idarəsinin əməkdaşlarının çox böyük xidmətləri olmuşdur. İ.M.Knipoviçin rəhbərlik etdiyi ekspedisiya 1904, 1912, 1915-ci illərdə Xəzərdə müxtəlif işlər görmüşdür. XX əsrin əvvəllərindən başlayaraq sovet geoloqları İ.M.Qubkin, B.A.Appolov, K.P.Voskresenki, II dünya müharibəsindən sonra bu işdə Azərbaycanlı mütəxəssislər K.K.Gül, E.M.Şıxlınski, A.Q.Qasımov, M.İ.Abakorov, A.İ.Xəlilov və başqaları Xəzər haqqında çox dəyərli tədqiqatlar aparmışlar. Azərbaycanlı alimlər əsasən Xəzərin tədqiqatına 1947-ci ildən başlamışlar. XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii sərvəti ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və İran sərbəst şəkildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sahəsində aşkar olunmuşdur. Bu dövrdən etibarən Xəzərdə ağalıq uğrunda iki dövlətin Rusiya və İranın mübarizəsi daha səciyyəvidir ki, SSRİ dağılanadək burada bir çox maraqlı məqamlar diqqəti cəlb edir.

Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km, sahil xətttinin uzunluğu 6,5 min km (o cümlədən, 800 km-i Azərbaycanın ərazisində), sahəsi 370 min kv km. (1929-cu ildə isə sahəsi 422 min kv km- olmuşdur), dünya okeanı səviyyəsindən 28 metr aşağıdır. Son 160 illik tarixində Xəzərin səviyyəsi 25,2 m. (1882) – 29,0 m. (1977) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, son 100 ildə isə 3,2 m. olmuşdur. 1975-95-ci illər ərzində Xəzərdə su səviyyəsinin qalxması nəticəsində 12,5 min kv. km ərazi su altında qalmışdır. Bu zaman Azərbaycanda 48450 ha. sahəni su basmış, 2 milyard dollar ziyan dəymişdir. Bakı buxtasında suyun altında qalmış Karvansaray adasına, Lənkəranda su altında qalmış meşə qalığına əsasən belə nəticəyə gəlmək olar ki, hətta XII-XIII əsrlərdə Xəzərin səviyyəsi bu günkündən çox aşağı olmuşdur. 1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: "Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır". Göründüyü kimi haqqında danışdığımız Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. Lakin XIX əsrin ortalarından başlayaraq sənayedə daha mütəşəkkil rol oynayan neft region dövlətlərinin diqqətini kəskin şəkildə Xəzərə yönəltmişdir. Əsrlərlə Rusiyanın Qafqazda apardığı mübarizələrin əsasında elə Xəzər kimi böyük hövzəsinin sərvətlərinə sahib olmaq dururdu. Buna görə də son 150 il Xəzər tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan hissəsində 432 milyon ton neft, 318 milyard kubmetr qaz hasil edilmiş, 26 böyük yataqlar kəşf edilmişdir. Məhz dünya praktikasında ilk dəfə olaraq 1798-1830-cu illərdə dənizdə Xəzərin buxtasında qazılmış quyulardan neft çıxarılmışdır. 1872-ci ildən başlayaraq Avropanın neft nəhəngləri bölgədəki neft sahələrinə böyük maraq göstərmiş, 1873-cü ildə Robert Nobel (1829-1896) Abşeron, Xəzər neft yataqlarının istifadəsinə və ağ neft fabrikinin tikintisinə qardaşları Lüdviq və Alfred ilə birlikdə 25 min rubl sərf etmişdir. Həmin qardaşlar 1879-cu ildə neft şirkəti yaratmışlar. 1877-ci ildə L.Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib istifadəyə verilmişdir. "Zaratustra" adlanan dünyanın ən iri tankeri 40 ilə yaxın Xəzər dənizində işlədi. Xəzər neftinə daha sonra Rotşildlər maraq göstərmiş, öz fəaliyyət dairəsinə görə 2-ci yerə çıxmışlar. Sovet hakimiyyəti illərində də Xəzər nefti məşhurluğu ilə yanaşı, Moskvanın diqtəsi ilə güclü istismar olunmuş, həm də burada tətbiq olunmuş texnikanın səviyyəsi getdikcə yüksəlmişdir. İlk dəfə olaraq 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə Xəzər dənizində başlanmışdır. Ötən 50 il ərzində Xəzər nefti Sovet Rusiyasının güclü gəlir mənbəyi olmuşdur. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q.M.Gül bu haqda yazırdı: "Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir". Lakin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər Xəzərin tarixində əsaslı dönüş yaradaraq əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı 10-dan artıq müxtəlif müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarmış, bu beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir.

 

Xəzər dənizinin adaları
 

Xəzərdə təqribən 200-dək ada var. Onların Azərbaycana məxsus (Pirallahı, Tava, Səngi Muğan, Kür daşı, Qarasu, Xərə Zirə, Gil adası,Sualtı adalar qövsü, Çilov, Daş adalar qövsü, Qutan, Kicik Tava, Böyük Tava, Qu, Sarı, Urunus, Dardanel, Baburi, Tava altı, Koltiş, Yal, Böyük Zirə, Qum, Xanlar, Karvansaray adaları daxildir ümumilikdə 50-yə yaxındır.

Ümumi məlumat / Xəzər dənizi / Milli parklar / Qoruqlar / Yasaqlıqlar

bottom of page