top of page

TƏBİƏT VƏ EKOLOGİYA

Ümumi məlumat / Xəzər dənizi / Milli parklar / Qoruqlar / Yasaqlıqlar

ÜMUMİ MƏLUMAT

Ərazisi nisəbətən o qədər də böyük olmayan (86,6 km2) Azərbaycan Respublikası çox nadir təbii-iqlim xüsusiyyətlərinə malikdir. Yer kürəsində mövcud olan on bir iqlim qurşağından doqquzuna Azərbaycan ərazisində rast gəlmək olar. Ölkənin relyefi son dərəcə rəngarəngdir. Yüksəkliklərin amplitudası okean səviyyəsindən 28 metr aşağı ilə (Xəzər dənizi) 4466 metr mütləq yüksəklik (Bazardüzü zirvəsi) arasındadır. Respublikanın ərazisi üç tərəfdən Talış, Böyük və Kiçik Qafqaz dağları ilə əhatə olunur. 

Böyük Qafqazın şimal-şərq yamacında Samur-Dəvəçi ovalığı yerləşir. Silsilənin qərb ətəyində geniş Alazan-Arpaçay vadisi, ondan cənubda Açınohur düzü uzanır. Qafqaz dağlarının cənub hissəsini yarğanlar və palçıq vulkanları məskəni Qobustan dağlıq sahəsi təşkil edir. Bu dağlar şərq istiqamətində alçalaraq tədricən dağətəyinə, sahilyanı düzənliklərə və Abşeron yarımadasındakı Bakı yaylasına keçir. Kiçik Qafqaz dağları maili düzənliklə əhatə olunmuş Mürovdağ, Qarabağ və Şahdağ silsilələrindən ibarətdir. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədi boyunca Dərələyəz və Zəngəzur silsiləsi uzanır. Bu silsilənin ən hündür zirvələri Qapıcıq (3904 m) və Küküdağdır (3420 m). Böyük və Kiçik Qafqaz dağları arasındakı geniş ərazini Xəzər dənizinin sahillərinədək uzanan Kür-Araz ovalığı tutur. Bu ərazi ölkənin Muğan, Mil və Şirvan düzənliklərini əhatə edən ən iri suvarma əkinçiliyi bölgəsidir. Ölkənin cənub-şərq ərazilərində Talış dağları yerləşir. Onun ətəkləri ilə Xəzər dənizi arasında dar Lənkəran ovalığı uzanır. 

Azərbaycanda mövcud olan 1250- yə qədə çayların əksəriyyəti Xəzərə, digərləri isə ölkənin ən iri su arteriyası olan Kür və ona qovuşan Araza daxil olub nəticədə dənizə tökülürlər. Azərbaycanda yüzdən artıq göl vardır. Bunlardan ən gözəli Kiçik Qafqaz dağlarında 1576 m hündürlükdə hər tərəfdən meşələrlə əhatə olunmuş Göy-göldür. Bu göl 1139 ildə bu ərazidə baş vermiş zəlzələ nəticəsində yaranmışdır. Göy-gölün ətrafında eyni mənşəli daha yeddi göl var. Su səthinin böyüklüyü baxımından Azərbaycanda ən böyük göl Kürün orta axarındakı süni "Mingəçevir dənizi" dir. 

Qafqaz sıra dağları nəhəng bir sədd kimi soyuq şimal küləklərinin , Kiçik Qafqaz dağları isə rütubət gətirən cənub tropik küləklərinin qabağını kəsir. Ərazisinin mülayim və subtropik qurşaqlar arasında yerləşməsi Azərbaycanda mövcud olan iqlim müxtəlifliyinin yaranmasının əsas səbəbidir. İllik hava temperaturunda baş verən kəskin hava dəyişmələri də bununla əlaqədardır. Məsələn, Naxçıvan ərazisində temperaturun kəskin dəyişmə amplitudası 60 dərəcə təşkil edir. Respublikanın Xəzər dənizi ilə 800 km-dən çox olan qonşuluğu da Azərbaycanın ümumi iqliminə özünəməxsus bir tərzdə təsir göstərir. Dünyanın bu ən iri gölü nadir və olduqca zəngin təbiətə və canlılar aləminə malikdir. 

Azərbaycan ərazisi filiz, qeyri-filiz, yanacaq və digər faydalı qazıntılarla zəngindir. Ən iri neft və qaz ehtiyatları Abşeron yarımadasında , Xəzərin şelf zonasındadır. Azərbaycanda dəmir, kobalt, manqan, titan, mis, polimetal, sürmə, qızıl, gümüş, yanar şist var. 

Azərbaycanda çıxan və ölkənin hüdudlarından xeyli uzaqlarda tanınan naftalan nefti bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Kəlbəcər rayonundakı İstisu mineral suyu bir sıra xüsusiyyətlərinə görə dünyada məşhur olan Karlovı Varı suyundan üstündür. Naxçıvanda çıxan Badamlı, Sirab və Vayxır mineral suları respublika ərazisindən kənarda da məşhurdur. 

"Azərbaycanın təbiət abidələri"nin Dövlət siyahısına yaşları 100 ildən 400-dək olan 2083 ağac, 37 geoloji və paleontoloji obyekt və 15000 ha-dan artıq və qiymətli meşə sahələri daxildir. Azərbaycanda mövcud olan nadir relikt xarakterli bitkilərdən yaşı 100-500 il olan şərqi çinar, 250-400 illik fıstıq, 300-600 illik dağdağan, 200-300 illik şümşüd və 200-300 illik qoz ağacları var. Bu siyahıya həmçinin doqquz mağara daxildir ki, onlar paleontologiya baxımından xüsusi əhəmiyyət kəsb edirlər. Qədim neandertal adamların yaşadıqları Azıx, Tağlar (Füzuli rayonu) və Damcılı (Qazax) mağaraları bu qabildəndir. Paleontologiya ilə əlaqəli digər obyekt Binəqədi asfalt gölüdür. Həmin göl 263 növ qədim flora və fauna qalıqlarının tapıldığı unikal bir obyektidir. Bu göldən aşkar edilən tapıntılar təkcə o dövrki Azərbaycanın deyil, həm də ümumilikdə Yer Kürəsinin qədim təbiəti və canlı aləmi haqqında dolğun məlumat verə bilən qiymətli mənbə sayıla bilər. (Göldə aşkarlanan tapıntılara Bakı şəhərində H.Zərdabi adına təbiətşünaslıq muzeyində tamaşa etmək mümkündür.)

Geologiya baxımından nadir obyektlərdən Bakı süxurlarını, vezuvian, turmalin və s. kimi nadir metallarla zəngin Vezvuian dağını, Təngaltı dərəsini, Vəlvələ çay üzərindəki Afurca şəlaləsini göstərmək olar. Bundan başqa respublika ərazisində böyük miqdarda palçıq vulkanları da vardır ki, onların bir qismi Dövlət tərəfindən mühafizə olunan "Təbiət abidələri" siyahısına daxil edilmişdir. 

Respublikanın bitki və heyvan aləmi də çox zəngin və rəngarəngdir. Azərbaycan ərazisində bütün Qafqazın bitki aləminin 64% -ni təşkil edən 4500 dən artıq flora növünə rast gəlmək mümkündür. Eyni zamanda Azərbaycan faunası da çox müxtəlif olub 15 min böcək və həşərat, 1100-dən artıq hörümçəktipli canlı, 600 onurğalı və 97 məməli heyvan növlərindən ibarətdir. Bundan başqa ölkə ərazisində 348 quş və 120-dən artıq balıq növləri mövcuddur.

Bütün bu bioloji və təbii zənginliyi qorumaq məqsədilə Azərbaycan Respublikası ərazisində 5 milli park, 14 qoruq və 18 yasaqlıq yaradılmışdır. 1 km2 ərazinin üzərinə düşən qoruqların sayına görə Azərbaycan dünyada birinci yerdədir. 

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi veb saytı: www.eco.gov.az

Ümumi məlumat / Xəzər dənizi / Milli parklar / Qoruqlar / Yasaqlıqlar

bottom of page