İQTİSADİYYAT
Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru
KƏND TƏSƏRRÜFATI
Azərbaycan əlverişli iqlim şəraitinə, zəngin təbiətə, geniş düzənliklərə və çoxlu sayda olan su mənbələrinə (çay, göl, bulaq, çeşmə) malik olan bir diyardır. Məhz bu amillər, hələ qədim zamanlardan həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxarmış, müxtəlif məhsulların yetişdirilməsinin, əkinçilik və heyvandarılığın bir çox növlərinin yaranıb yayılmasını təmin etmişdir. Tarixi inkişafın gedişi prosesində ölkədə əkinçiliyin və hevandarlığın səviyyəsi getdikcə yüksəlmiş, yeni-yeni təsərrüfat sahələri yaranaraq tərəqqi etmişdir.
Artıq qədim dövrlərdən etibarən Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları təkcə daxili bazar üçün deyil, həm də mühüm ixrac obyekti olmuşdur. Ölkədə yetişdirilən pambıq, ipək, zəfəran və bir çox digər kənd təsərrüfatı məhsulları qədim karvan yolları ilə dünyanın bir çox qərb və şərq ölkələrinə ixrac edilirdi.
Artıq 19 yüzillikdə kənd təsərrüfatının bir çox sahələri özünün natural xarakterini itirmiş, ticarət əmtəə səciyyəsi daşımağa başlamışdır. Azərbaycan bütün Qafqazın ən iri taxılçılıq, pambıqçılıq, ipəkçilik, tütünçülük və heyvandarlıq mərkəzinə çevrilmişdir.
Bununla belə ötən əsrin ortalarında kənd təsərrüfatında vəziyyət getdikcə pisləşməyə başlamışdır. Respublikanın bu sahədəki böyük potensialı və mühüm imkanları lazımınca istifadə olunmurdu. Aqrar sahə bütövlükdə böhran və tənəzzül mərhələsində yaşayırdı. Ümumi məhsulun orta illik artım sürəti digər ittifaq respublikalarından geri qalırdı, bitkilərin məhsuldarlığı getdikcə aşağı düşürdü.
Azərbaycanda kənd təsərrüfatının əsl yüksəlişi 20 yüzilliyin 70-ci illərindən başlayır. Başda Heydər Əliyev olmaqla respublikanın o vaxtki siyasi rəhbərliyi Azərbaycanın aqrar sektorda olan təbii imkan və potensialından daha səmərəli və geniş istifadə olunması siyasətini yaradıb, onu ardıcıl şəkildə həyata keçirməyə başladı.
Məhz o dövrdə xalqımızın başlıca sərvəti olan torpaqdan və ilk növbədə əkinçiliyin qızıl fondu hesab olunan suvarılan torpaqlardan daha səmərəli, daha keyfiyyətli istifadə metodu və üsullarının tətbiq olunması başlanır.
Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru