top of page

MƏDƏNİYYƏT

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

TƏSVIRI SƏNƏT VƏ DEKORATIV SƏNƏT

Füzuli şəhərinin yaxınlığındakı 215-220 m. uzunluğunda olan Azıx mağarası Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.


Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. 8-5-ci minilliklərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun və Zalxa gölü ətrafındakı Ayıçınqılı və Pəriçınqıl dağlarında döymə və kəsmə üsulu ilə qayalara həkk edilmiş Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şm-da Gəmiqaya d.-ndakı e.ə. 3-1-ci minilliklərə aid qayaüstü təsvir-petroqliffer müstəsna əhəmiyyətə malikdir. İbtidai insanların yaratdıqları bir sıra digər sənət nümunələri kimi, Qobustan qaya təsvirləri də utilitar və estetik tələblərin vəhdətinə əsaslanır. Zahiri forması maral, keçi, tovuz quşu və başqa təsvirlərdən ibarət zoomorf fiqurlu keramika nümunələri plastik incəliyi ilə seçilir. Mingəçevir, Qəbələ, Xocalı, Xınıslı, Yaloylutəpə və s. yerlərdən tapılmış qabların gövdəsi, lüləyi, qulpu stilizə edilmiş müxtəlif heyvan və quş təsvirləri ilə bəzədilmişdir. Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda, şüşə istehsalının mövcud olduğunu göstərir.


Həkkaklıq və heykəltəraşlıq nümunələri Alban dövrü sənətində geniş yayılmışdır.Mingəçevir məbədinin (5-6-cı yüzilliklər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının Ən kamil nümunələrindəndir.Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrində (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. At və qoyun fiqurlarından ibarət qəbirüstü heykəllər alban (Qafqaz) tayfalarının dini ayinlərinin rəmzi inikası hesab edilir.
7-ci yüzillikdən başlayaraq ölkədə İslam dininin yayılması ilə bağlı Azərbaycanxalqının mənəvi həyatında və mədəni inkişafıda əlamətdar dəyişikliklər baş verir. Bu dövrdə orta yüzillərin feodal ictimai münasibətləri bərqərar olur, şəhər mədəniyyəti, o cümlədən incəsənətin müəyyən sahələri inkişaf edir. 

Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.


Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmışdır. 18-19-cu yüzilliklərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi və cazibədarlığı ilə forqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə fırçıya alınmış rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu süjetli kompozisiyalar bir-birini əvəz edir. Xalqın gözəllik haqqındakı təsəvvürləri zövqlə işlənmiş ornamentlərdə, kompozisiya cəhətdən müxtəlif haşiyələrdə, tağ formalı pannolarda, sənətkarlıqla yerləşdirilmiş güllərin, quşların incə təsvirində, klassik poeziya motivlərində şərti dekorativ səpgidə əksini tapmışdır. 19-cu yüzillikdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycanmonumental boyakarlığının zəngin ənənələri, İrəvanda Sərdar sarayının (20-ci yüzilliyin ortalarında saray uçurulmuşdur), Şuşada bir sıra evlərin divar rəsmlərində davam etdirilmişdir.
19-cu yüzilliyin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə incəsənətdə yeni Avropa mədəniyyəti ənənələrinə əsaslanan təmayüllər yayılır.
Azərbaycan dəzgah boyakarlığının təşəkkülü Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. Onun yaradıcılığında realist boyakarlıq üçün səciyyəvi olan həcm - perspektiv - işıq-kölgə elementlərinə meyl duyulur. M.Q.İrəvani ornament ustası olmaqla yanaşı, bədii tikmələr, divar rəsmləri, zərgərlik məmulatı üçün trafaret - rəsmlərdə yaratmışdır. Lakin o, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmişdir.

20-ci illərdə Bakıda ilk rəssamlıq məktəbi təşkil olundu, milli rəssamlıq kadrları yetişdi. Təsviri sənətin yeni, professional növ və janrları yarandı.


Azərbaycan təsviri sənətinin o dövrdəki yüksəlişi həmin illərdə coşqun yaradıcılıq fəaliyyəti göstərən Ə.Əzimzadənin adı ilə sıx bağlıdır. Ə.Əzimzadə bu dövrdə çoxlu karikatura, siyasi plakat, satirik rəsm və kitab illüstrasiyaları, səhnə tərtibatı, əlbəsə eskizləri yaratmışdır.
 


Azərbaycan Milli İncəsənət Muzeyin rəsmi vebsaytı: www.nationalmuseum.az.

Yarat müəsir incəsənət məkanı: 
www.yarat.az.
 

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

bottom of page