top of page

MƏDƏNİYYƏT

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

MUSİQİ

Azərbaycanın Urməvi (XIII əsr), Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Nəvvab (XIX əsr) kimi məşhur ensiklopedist alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi barədə danışılmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir. 


Azərbaycan musiqi sənətinin ayrılmaz və önəmli hissəsini qədim ənənələrə məxsus zəngin musiqi folkloru təşkil edir. Dərin məzmuna, bədii kamilliyə, janr çeşidliyinə malik musiqi folkloru Azərbaycan xalqının tarixini, həyatını, lirik və qəhrəmani hisslərini, istək və arzularını ifadə etmiş, adət və ənənələrini əks etdirmişdir. Musiqi folklorunun ən qədim sahəsi olan mahnılar mövzu rəngarəngliyi ilə seçilmiş, insanların əmək fəaliyyətini müşayiət etmiş məişəti ilə bağlı olmuş, müəyyən tarixi dövrlərdə xalqa haqsızlıqlarla mübarizədə dəstək kimi ictimai funksiya daşımışlar.


Qədim insanların ilk nəğmələri əmək prosesində yaranmışlar. Əməyi ritmikləşdirmək və yüngülləşdirmək məqsədilə oxunan nəğmələr sadə, qısa mahnıvari intonasiyalar, əmək prosesində təkrar olunan hərəkətə uyğun kiçik melodik- ritmik kəsiklərdən əmələ gəlmişlər. Əmək nəğmələri özləri bir neçə qrupa bölünürlər: "holavarlar", "sayaçı nəğmələri", "balıqçı nəğmələri", "hana nəğmələri" və s. "Çoban", "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çək şumla yeri", "Şum nəğməsi" kimi qədim holavarların səs diapazonları kiçik olub, reçitativ tipli melodiyaları ara-sıra işlə əlaqədar deyilən nidalarla ("ha-ha-ha", "o-ha", "ho-ho-a") kəsilir. Bir çox əmək nəğmələri kollektiv şəkildə oxunur və bəzən rəqslə müşayiət olunurdu (Lənkəran, Masallı zonası).


Mahnıların qədim növlərinə mərasim nəğmələri də daxildir ki, onlar mövsüm mərasimi və məişət mərasimi nəğmələrinə bölünürlər. Mövsüm mərasimi nəğmələrində ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz əksini tapırdı. Bu mahnıların bir qrupu yazın gəlişi ilə, Novruz Bayramı ilə bağlı yaranmış, "günəşin çıxmasına", "bayram xonçasına" və s. həsr edilmişlər: "Günəş çıx, çıx, çıx!", "Səməni", "Kos-kosa" və s. Bu mahnıların mətnini bayatılar təşkil edirdi. "Xıdır" və "Qodu-qodu" mövsüm mərasimlərində oxunan nəğmələr də məşhur idi.


Məişət mərasim mahnıları xalqın toy, doğum, yas mərasimlərini müşayiət etmişlər. Adət-ənənələrinin rəngarəngliyi, mahnı və rəqslərinin zənginliyi ilə fərqlənən toy mərasimləri Azərbaycan folklorunda xüsusi yer tuturlar. "Yol açın gəlin gəlir", "Xoş gəldin", "Xonça mahnısı" "Verin bizim gəlini" "Aparmağa gəlmişik" və b. toy mahnıları rəngarəng intonasiya çalarlarına, müxtəlif bəzəklərdən hörülmüş melodik xəttə və aktiv rəqsvari ritmikaya malikdirlər.


Yas və dəfn mərasimlərində ağılar, oxşamalar, mərsiyələr oxunardı. Qədim ağıların mətn əsasları qədim oğuz dastanlarından götürülmüş, sonralar isə ağıların bayatı şəkilli formaları yaranmışdır. Mərsiyələrin mətnləri əruz vəznində olub, klassik ədəbiyyatdan götürülürdü (Füzuli, Şüai, Raci, Qüdsi və b.). Matəm mahnıları qəm, kədər ifadə edib ağlama ilə bağlı olduqlarından melodiyalarının intonasiya əsasını "ağlama", "inilti", "zarıma" təşkil edirdi. 


Azərbaycan musiqi folklorunda tarixi-qəhrəmani mahnılar nisbətən gec yaranmış, onlarda xalqın tarixi ilə bağlı müxtəlif hadisələr öz əksini tapmış, qəhrəman oğulları tərənnüm edilmişlər. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd, Həcər haqqında nəğmələr bu qəbildəndir. "Piyada Koroğlu", "Qaçaq Nəbi", "Atlı Koroğlu", "Qaçaq Kərəm", "Kərəmxan Sərtib" kimi mahnılarda tarixi-qəhrəmani janrın xüsusiyyətləri müxtəlif səviyyələrdə təzahür edir. Onların mətn əsaslarını aşıq ədəbiyyatının gəraylı, qoşma, müxəmməs kimi formaları təşkil edir. 20-ci yüzilliyin əvvəllərində yüksələn inqilabi hərəkatla bağlı Səttərxana, Qatır Məmmədə həsr edilmiş mahnılar yaranır.


Mahnı yaradıcılığının məzmun, musiqi düzümü baxımından zəngin və rəngarəng hissəsini lirik mahnılar təşkil edir. Onlarda xalqın gündəlik həyatı, hiss-həyəcanları, ailə münasibətləri əks edilmişdir. Müxtəlif obrazlarla əlaqədar mahnıların melodik inkişafı daha geniş vüsət almış, nəfis bəzəklərlə aşılanmışdır. "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar", "Laçın", "Küçələrə su səpmişəm", "Aman ovçu" və b. məhəbbəti, təbiəti vəsf edən lirik mahnılardır. Xalq həyatında yumorlu ("Çalpapaq") və satirik ("Aman nənə", meyxanalar) mahnılar da mühüm yer tuturlar. Xalq mahnılarının melodikası üçün variant dəyişkənlik, sekvensiya üsulu ilə inkişaf, istinad pərdələri ətrafında gəzişmə, zəngin melizmatika xasdır. 6/8, 3/4, 2/4 vəznləri daxilində mətn əsası ilə bağlılıqdan irəli gələn müxtəlif bölgü qruplaşmaları qeyd edilir, sinkopalardan istifadə edilir.


Xalq mahnı yaradıcılığının mühüm qolu olan uşaq musiqi folkloru özündə böyüklərin uşaqlar üçün oxuduqları mahnıları (laylalar, oxşamalar, beşik nəğmələri və b.), həm də uşaqların özləri ifadə etdikləri mahnıları ("düzgülər", "sanamalar", "uşaq lirik mahnıları") birləşdirir. Bəzi əmək mahnıları ("Zəhmətin işığı", "İş başına", "Tutu nənəm" və b.) tədricən böyüklərin folklorundan uşaqlara keçmişdir.


Azərbaycan xalq musiqisinin önəmli tərkib hissəsini rəqs musiqisi təşkil edir. Rəqslər xalqın həyatı ilə bağlı olub, müxtəlif məqamlarda onu müşayiət ediblər. Xalqın məişətində böyük yer tutan rəqs sənətinin yaranma tarixi barədə "Avesta", "Kitabi Dədə Qorqud" və b. ədəbi mənbələrdən, Qobustandakı qayaüstü rəsmlərdən və digər maddi-mədəni abidələrdən məlumat alırıq. Qədim rəqslər müxtəlif ayin və mərasimlərdə insan duyğularının ifadəçisi olmuş, əmək fəaliyyətini yüngülləşdirmək funksiyası da daşımışlar. Orta əsr rəqsləri xalq və professional növlərinə bölünmüş, vokal, instrumental və vokal-instrumental müşayiətlə kütləvi ("Yallı", "Cəngi", "Ovçular rəqsi"), ya da fərdi surətdə qadınlar ("Arı rəqsi"), kişilər tərəfindən ifa olunmuşlar. 


Ənənəvi rəqslər xalqın məişəti ilə bağlı olub mərasim, etiqad və toy, bayram rəqslərinə bölünürlər. Onlar xalqın adətləri, ayinləri ilə əlaqədar olub, Şəbih tamaşalarında, təqvim mərasimlərində ("Novruz bayramı", "Səməni rəqsi") ifa olunurdular. Toy şənliklərində isə bəyin fiziki kamilliyini, qəhrəmanlığını göstərən cəld templi "Qaytağı", "Qoçəli", "Qazağı" və s., qadınların zərifliyini ifadə edən "Uzun dərə", "Yüz bir", "Lalə" rəqslərindən istifadə edilirdi.


Xalq arasında kütləvi rəqslər geniş yayılmışdır. Onların çoxu əmək prosesi, məişət mərasimlərini müşayiət edirlər. "Halay", "Yallı", "Cəngi" bu qəbildəndir. Kütləvi rəqsin qədim növü olan yallılar toy və el şənliklərində instrumental ansamblın (iki zurnaçı və nağaraçıdan ibarət), yaxud mahnının müşayiəti ilə ifa olunur, öncə ağır tempdə başlanır, getdikcə yeyinləşir. Vaxtilə yüzdən artıq "yallı" havası olmuşdur: "Çolağı", "Üç addım", "Qaz-qazı", "Köçəri", "Əl yallası" və b. Xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən "yallı"lar 2-3 hissədən ibarət olur, ağır, mülayim, iti templərdə, bəzi hallarda variasiya şəklində ifa edilir.


Kütləvi rəqs-mahnı janrı olan "Halay" bir neçə rəqs-mahnıdan ibarət vokal-xoreoqrafik formadır. "Halay"ın mahnıları əmək, məişət, sevgi mövzusunda olur. Müasir dövrdə "Halay" toylarda yalnız qadınlar tərəfindən ifa olunur. "Halay" mahnılarının mətni əsasən bayatılardan ibarətdir. "Həsiri basma, dolan gəl", "Ay lo-lo", "Basma, basma tağları" kimi halay mahnı-rəqsləri bu qəbildəndir. Naxçıvan MR-da geniş yayılmış kütləvi oyun- rəqslərdən biri də əsasən qadınlar tərəfindən ifa olunan "Naxışta"dır. Kütləvi rəqslərə aid olan "Cəngi" isə qəhrəmanlıq, cəngavərlik mövzusu ilə bağlı olub, əsasən, kişilər tərəfindən ifa edilir. 


Məişət rəqslərinin məzmunu insanın müxtəlif duyğuları, əməyi, həyatında baş verən hadisələr ilə bağlıdır. Onların lirik, məzəli, idman, uşaq rəqsləri kimi növləri var. Lirik rəqslər bu janrın ən geniş yayılmış qoludur, ("Vağzalı", "Turacı", "Naz elmə", "Uzun dərə", "Tərəkəmə"). Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. "Vağzalı" ənənəvi toy rəqsidir ağır tempdə gedir. Lirik və oynaq melodiyası olan "Tərəkəmə" kişi və qadınlar tərəfindən solo ifa edilir. "Qıtqılıda", "Qıd-qıdı", "Məzhəkəli rəqs" - məzhəkəli rəqslərin, "Koroğlu cığatayı", "Cəngi", "Qılıncla rəqs", "Süvarilər rəqsi"- hərbi-qəhrəmanlıq rəqslərinin, "Zorxana", "Cıdır", "Kəndirbazlar oyunu", "Güləş" idman rəqslərinin maraqlı örnəkləridir.


Azərbaycan xalq rəqslərinin melodiyasını simmetriklik, müxtəlif istiqamətlərdə hərəkət, diapazon dairəsinin çeşidliyi, variasiya, sekvensiya, təkrar yolu ilə tədrici inkişaf səciyyələndirir. Lad əsası zəngin olub, yeddi əsas diatonik və xromatikləşmiş məqamların səs sıralarına istinad edir. Xalq rəqs melodiyalarına 4/4, 3/4, 2/4, 6/8, 3/8 musiqi ölçüləri xasdır, lakin bu vəznlərdən ən geniş yayılmışı 6/8-dir. Rəqs melodiyaları forma cəhətdən zəngin və müxtəlifdirlər. Onların içərisində ikihissəli, üçhissəli musiqi formalarının çeşidli növlərinə rast gəlmək mümkündür.


Azərbaycan musiqisinin folklorla yanaşı inkişaf edən digər mühüm sahəsi şifahi ənənəli peşəkar musiqidir. Vokal-instrumental aşıq yaradıcılığı bu musiqinin önəmli qoludur. "Aşıq" termini "eşq" sözündən yaranmış, sənətə, əsil gözəlliyə vurğunluq mənası daşıyır. Termin kimi təxminən 14-cü yüzillikdə yaranmışdır. Hələ qədim və orta əsrlərdə aşıqların varsaq, dədə, ozan kimi əjdadları olmuşdur. Onların həyat və yaradıcılığına həsr edilmiş ilk yazılı mənbə "Kitabi Dədə Qorqud"dur. Aşıq musiqi-poetik yaradıcılığı qəhrəmanlıq və vətənpərvərlik mövzuları ilə zəngin olub, xalqın istək və arzularını ifadə edir, poetik sevgi lirikasını vəsf edir. Onun tərkibinə məzmunca zəngin, formaca rəngarənk dastanlar və şerlər daxildir. Müxtəlif aşıq havaları bu formaların musiqi əsasını təşkil edir.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, təcnis və b. poetik formalara əsaslanır. 80-dən artıq ("Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi") aşıq havalarının ayrı-ayrı ərazi variantları mövcuddur.
Dastan aşıq sənətinin önəmli janrıdır. Çoxhissəli ədəbi-bədii musiqili əsər olan dastanda şer, nəsr və musiqi növbələşir. Aşıq yaradıcılığının kiçik formaları dastana daxil olub, onun tərkib hissəsi ola bilirlər.Dastanlar mövzu etibarilə müxtəlifdirlər: qəhrəmanlıq (Koroğlu), sevgi-məhəbbət ("Əsli Kərəm") dastanları və b. Aşıqların əsas musiqi aləti sazdır. Sazın əsas üç qrup simi kvarta-kvinta nisbətində köklənir. Lakin başqa interval nisbətləri də var. Aşıq musiqisinin melodiya və forma xüsusiyyətləri sazın bu quruluşu ilə bağlıdır.
Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şerin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (16-cı yüzillik), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci yüzillik), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (18-ci yüzillik), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu yüzillik) və b. keçmişin görkəmli aşıqlarındandır. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmranHəsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və b. fərqlənir.Aşıq sənəti Azərbaycan-nın Qazax, Tovuz, Şamaxı r-nlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.

Muğam Yaxın və Orta Şərqin bir sıra xalqlarının musiqi janrıdır. Klassik Şərq musiqisində muğamat, muğam dəstgahı 12 muğamdan -"Üşşaq", "Nəva", "Əbusəlik", "Rast", "İraq" (Əraq), "İsfahan", "Zirəfkənd", "Büzürk" (Bozorg), "Zəngulə", "Rəhavi", "Hüseyni", "Hicaz" -24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Lakin zaman keçdikcə ictimai-siyasi dəyişikliklər, milli mədəniyyətlərin inkişafı prosesində bu sənət hər bir xalqın spesifik milli cizgilərini kəsb etməyə başlamışdır. Azərbaycan muğamları özlərinin quruluş, dramaturji inkişaf, improvizə xüsusiyyətləri, ifa üsullarına görə digərlərindən fərqlənirlər. Belə ki, çağdaş Azərbaycan muğam musiqisində 12 əsas muğamdan yalnız 7-si əsas muğam kimi təşəkkül tapmışdır. Əsas muğamların adları Azərbaycan musiqisinin lad əsasını təşkil edən 7 məqamın adı ilə birdir ("Rast", "Şur", "Segah", "Şüştər","Çahargah", "Bayatı- Şiraz", "Humayun"). Hər bir muğam istinad etdiyi məqamın inkişafı nəticəsində onun intonasiya tərkibinin, ifadə özəlliklərinin təcəssümü kimi təşəkkül tapmışdır. Azərbaycan musiqisinin bütün janr və növlərində lad, məqam əsası eynidir. Lakin məhz muğam sənətində Azərbaycan musiqisinin məqam əsası özünün ən yüksək inkişaf zirvəsinə qalxmışdır. Muğam fəlsəfi, lirik məzmunlu fikir və forma bitkinliyinə malik bir əsərdirsə, məqam onun əsasına qoyulmuş lad tərkibi, müəyyən qayda -qanuna tabe olan düzümüdür. Belə ki, hər hansı bir məqamın əsasında təkcə onun adına uyğun muğam deyil, bir neçə muğam səslənə bilər. Məsələn, Rast məqamında "Rast" muğamından başqa "Bayatı Qacar", "Mahur-hindi", "Orta-Mahur", "Dügah" və s. səslənir. 
Muğam məqam-intonasiya inkişafının vəhdətinə, müəyyən dramaturji kompozisiyaya əsaslanan çoxhissəli silsilə əsərdir. Muğam dəstgahlarında sərbəst vəznli improvizə hissələri-şöbələr dəstgahın dəqiq metro-ritmikaya əsaslanan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşərək təzad yaradır. Bu da məntiqi inkişafa təkandır. Muğamlar müəyyən ciddi qayda-qanunla düzümlənir. Melodik inkişaf məqamın mayəsindən başlanaraq, yuxarı istiqamətlənir, ən yüksək həddə - kulminasiyaya çatır və yenidən geriyə, mayəyə qayıdır. İnkişafın rüşeymini məqamın mayəsini səciyyələndirən kiçik melodik dönmə-tezis təşkil edir. Muğam şöbələrinin ardıcıllığı pilləvari inkişaf quruluşunu yaradır. Azərbaycan muğamlarının vokal-instrumental və instrumental növləri var. Xanəndələr muğamı klassik Azərbaycan poeziyasının örnəkləri, lirik fəlsəfi məzmunlu qəzəlləri üstündə, ifa edirlər. Muğamın bir növü də "zərbi-muğam"lardır (ritmik muğamlar). Bunlar "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Kəsmə Şikəstə", "Qarabağ Şikəstəsi" və b. Zərbi muğamların əsas özəlliyi ondadır ki, xanəndənin improvizəsi dəqiq vəznli musiqi ilə müşayiət olunur, ölçüsü də çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan, zəngin melizmatikalı melodiya xasdır. Azərbaycan klassik muğamının inkişaf tarixi xanəndə ifaçılığı sənəti ilə sıx bağlıdır. Bu xalq sənətkarları özəl muğam ifaçılığı məktəbi yaratmış və onu bütün Şərq aləminə tanıtmışlar. (Hacı Hüsi Səttar, Əbülhəsən xan İqbal, Əbdül-Baqi Zülalov, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd və b.). 19-cu yüzilliyin 2-ci yarısı 
Ü.Hacıbəyovun yaradıcılığında milli bəstəkar musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi, kantata, romans-qəzəl, kütləvi mahnı və b.). Lakin yeni Azərbaycan musiqisinin formalaşması məhz azadlıq ideyalarını, yüksək mənəviyyatı təsdiq edən musiqili teatrdan başlandı. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə milli operanın deyil, bütün müsəlman Şərqinin opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poeması və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır. Bəstəkarın başqa erkən operaları-"Rüstəm və Söhrab" (1910), "Şeyx Sənan" (1909), "Şah Abbas və Xurşid Banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operaları da bu janrdadırlar. Onlarda insanın mənəvi təmizliyi, azadlığı, saf idealları, həqiqi məhəbbəti vəsf edilmişdir. Bu operalarda əsas musiqi-dramaturji vəzifəni muğamlar daşıyır. Muğamlar qəhrəmanların obrazlarını açmaqla ənənəvi musiqi səhnə formalarını əvəz edirlər. Operalarda xordan geniş istifadə edilmişdir. (Xorların musiqisi müəllif tərəfindən bəstələnmiş və ya xalq melodiyaları əsasında yaradılmışdır). İnqilaba qədərki operaların əsas xüsusiyyəti musiqi fakturasının sadəliyi, əsas musiqi materialının muğam improvizəsinə və digər xalq musiqi janrlarına istinad etməsi, ədəbi əsaslarının klassik poeziya, aşıq dastanları və xalq rəvayətlərindən götürülməsində idi. 


Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisiniə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə tamaşaya qoyulmuşdur. 
Yeni Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında Ü.Hacıbəyovun ən yaxın silahdaşı və həmfikri, Azərbaycan musiqisinin tərəqqisi uğrunda fəal mübarizlərdən biri, "Şah İsmayıl" (1916) operasının müəllifi M.Maqomayevin mühüm xidməti olmuşdur. O, operalar, simfonik əsərlər, kütləvi mahnıların müəllifi kimi, bu janrların inkişafına böyük təsir göstərmişdır. Kino və dramatik əsərlərə musiqi yazan, xalq musiqi folklorunu toplayıb tədqiq edən ilk bəstəkarlardan olmuşdur. Azərbaycanda ilk peşəkar opera dirijoru kimi opera ifaçılığı sənətinin inkişafında mustəsna əhəmiyyətə malikdir. İlk Azərbaycan bəstəkarlarından biri də Z.Hacıbəyovdur. O, "Aşıq Qərib" (1906) operası, "Əlli yaşında cavan" (1990), "Evli ikən subay" (1911) musiqili komediyalarının müəllifidir. 
Demokratik-inqilabi hərəkat dövründə təşəkkül tapıb inkişafa varan Azərbaycan-nın musiqili teatr sənətinin tarixində H.Q.Sarabski, Ə.Ağdamski, M.A.Əliyev, M.H.Terequlov kimi görkəmli müğənni-aktyorların fəaliyyəti müstəsnadır. 1920-ci ildə xüsusi qərarla teatrlar Dövlət Teatrları adı aldılar. 1925-ci ildə Azərbaycan opera heyəti dramatik heyətdən ayrılıb, rus opera heyəti ilə birləşdi. Bu da Azərbaycanda opera sənətinin inkişafına təkan verdi. Opera teatrının Azərbaycan heyətinə qocaman sənətkarlar - H.Q.Sarabski, M.Terequlov, Q.Pirimov (tar), H.Hacıbababəyov, sonradan Bülbül, M.Bağırov, ilk Azərbaycanlı peşəkar qadın müğənni S.Məmmədova daxil idilər. Daha sonra opera səhnəsinə H.Zülalova, H.Rzayeva, X.Qacar, S.Qacar, C.Talışınskaya və b. gəlirlər. Yeni musiqi təhsil ocaqları - Azərbaycan Dövlət Konservatoriyası (1921; 1949-cu ildən Ü.Hacıbəyov adına), Respublika-nın müxtəlif şəhərlərində musiqi Texnikumları və məkiəbləri təsis olundu. Ü.Hacıbəyovun təşəbbüsü ilə tədris müəssisələrində xalq çalğı alətləri şöbələri açıldı. Azərbaycan-larla yanaşı N.İ.Speranski, İ.S.Aysberq, M.S.Presman, L.M.Rudolf, L.Y.Ab, B.V.Karaqiçev, N.S.Çumakov, B.İ.Zeydman, V.A.Nikolskiy, G.G.Şaroyev, L.Rostropoviç kimi məşhur musiqiçi pedaqoqlar fəaliyyət göstərirlər. 

30-cu illər Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik ork. (1920, hazırda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Ork.-i), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Ork. (1931), rəqs ansamblı (1936), M.Maqomayev adına Azərbaycan Dövlət filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov adına), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası yanında Azərb, Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi -tədqiqat musiqi kabineti (1931) təşkil edildi.


Opera sənətində Azərbaycan milli musiqisinin yeni üslubu təşəkkül tapmağa başladı. R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (1925, tamaşası 1927; 2-ci redaksiyası 1934) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycanxalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi. M. Maqomayev opera janrının klassik formalarına əsaslanaraq "Nərgiz" operasını (1935; yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" çağdaş mövzuya həsr edilmiş ilk Azərbaycan operası idi. Bu əsərdə bəstəkar qarşısında muğam operalarının təcrubəsinə istinad edərək klassik opera formaları yaratmaq məqsədi qoymuşdu. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub özəlliklərindən istifadə edərək klassik opera formaları olan ariya, xor, reçitativ və s. yaradır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (1937; SSRİ Dövlət mükafatı , 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixologiya dərin əksini tapmışdır. Ü.Hacıbəyov "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin kompozisiya xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Opera sənətimizin ən gözəl örnəklərindən olan "Koroğlu" Azərbaycan musiqisinin yeni inkişaf perspektivlərini müəyyənləşdirdi.

Müharibə dövrü milli simfonizmin inkişafı ilə qeyd olunmuşdur. Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, Niyazi, F.Əmirov bir sıra əsərlər yaradırlar. Vətəni müdafiəyə çağıran güclü patriotik hissləri, dövrün gərgin, dərin məzmunlu problemlərini müasir ifadə vasitələri ilə yeni formalarda ifadə etmək zəruriyyəti, bəstəkarları iri simfonik formalara müraciət etməyə sövq edir. 40-cı illərdən başlayaraq simfonizm Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışlarında aparıcı yer tutur. Dövrün aktual mövzusu opera janrı sahəsində də öz ifadəsini tapır. Böyük Vətən müharibəsinə həsr edilmiş əsərlərdən (Ə.Bədəlbəyli, B.Zeydman "Xalq qəzəbi" 1941; M.Kriştul, M.Vaynşteyn "Siqnal" 1941) xüsusilə Q.Qarayev və C.Hacıyevin "Vəiən" operası geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Əsərdə xalq musiqisilə (xalq mahnıları, aşıq və muğam sənəti) klassik opera formalarının üzvi vəhdəti yolunda gedən axtarışlar davam etdirilmişdir. Operanın dramaturgiyasında qəhrəman xalqı vəsf edən iri kütləvi xor səhnələri ilə əsas obrazların qabarıq musiqi xasiyyətnamələri bir-birini tamamlayır. Qəhrəmani-vətənpərvərlik mövzusunda bəstələnmiş əsərin Azərbaycan opera sənətinin inkişafında özünəməxsus rolu olmuşdur. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir. Bu janrda Ü.Hacıbəyovun yüksək sənətkarlıqla aşılanmış mahnıları ("Şəfqət bacısı", "Yaxşı yol", "Çağırış", "Ananın oğluna nəsihəti") yazılır. Onun "Vətən və cəbhə" kantatası isə dövrünün ən parlaq qəhrəmani-patriotik əsərlərindəndir. Bu dövrdən Azərbaycan musiqisinin janr hüdudları genişlənir, müasir mövzulara meyl güclənir. Arxa və ön cəbhələrdə, qoşun hissələrində musiqi hamilliyi işi geniş yayılır. Bəstəkar-döyüşçülərdən M.İsrafilzadə, H.Nemətov, S.Srebnitski, Ə.Cavid müharibədə həlak oldular. Bu illərdə Azərbaycan musiqisi Güney Qafqaz respublikaları musiqi ongünlüyündə (1944, Tbilisi) geniş təmsil olundu.


Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır. 50-ci illərdə Azərbaycan musiqisinin ciddi uğurları sayəsində bəstəkarlıq sənəti çağdaş nailiyyətlər səviyyəsinə qaldırıldı. Bütün janrlar intensiv inkişaf etdirildi.


50-ci illərin musiqi yaradıcılığı mövzu müxtəlifliyi və janr çeşidliyilə fərqlənir. Q.Qarayev,F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, R.Hacıyev, T.Quliyev, Niyazi, S.Rüstəmov, C.Cahangirov kimi bəstəkarların yaradıcılığında xalqların azadlıqları uğrunda mübarizəsi, müharibədən sonra yeni həyat quruculuğu və b. yeni mövzular intişar tapır. Müasir insan, onun daxili aləmi mövzusu isə C.Cabbarlının eyni adlı pyesi üzrə F.Əmirovun bəstələdiyi çağdaş mövzuda yazılmış "Sevil" operasının (1953) əsasında qoyulmuşdur. Lirik-psixoloji janra mənsub olan bu əsərdə Azərbaycan qadını obrazı xalqın həyatı, tarixi ilə əlaqədar verilmişdir. Parlaq milli koloriti, dərin emosional ifadəliyi ilə fərqlənən "Sevil" operası musiqimizdə görkəmli yer tutur.


Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı; 2-ci redaksiyası 1959; 3-cü redaksiyası 1978; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə gözəçarpan olay rolunu oynamışdır. 
1958-ci ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir. S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir. 


50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. Bəstəkarların simfonik yaradıcılığının janr və üslub tərkibi çeşidliyilə fərqlənir. Bu çağda Q.Qarayev ("Leyli və Məcnun" simfonik poeması; SSRİ Dövlət mükafatı, 1948), simfonik muğam ("Şur", "Kürd ovşarı", SSRİ Dövlət mükafatı,1949) janrının yaradıcısı F.Əmirov (instrumental konsertlər, simli orkestr üçün "Nizami" simfoniyası), C.Hacıyev ("Sülh uğrunda" simfonik poeması, SSRİ Dövlət mükafatı, 1952; 4-cü simfoniya 1956), S.Hacıbəyov ("Karvan" simfonik lövhəsi, orkestr üçün uvertüra 1956), Niyazi ("Rast" simfonik muğamı 1946), R.Hacıyev (skripka ilə orkestr üçün konsert, "Gənclik" simfoniyası) fəal yaradıcılıq işi aparırdılar. Q.Qarayevin bu dövr əsərlərində bəstəkarın simfonizminə məxsus münaqişəli dramaturgiya, məntiqi inkişaf, parlaq intonasiya ifadəliyi özünü biruzə verir ("Yeddi gözəl" simF. süitası, 1948; Alban rapsoydiyası). F.Əmirov musiqi tarixində uni kal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu çağda yazılan əsərlərində öz ifadəsini tapır. C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır. 
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Cənubi Azərbaycan xalqının azadlıq mübarizəsinə həsr edilmiş bu əsər parlaq obrazlılığı, siyasi aktuallığı, musiqi dilinin milli koloriti ilə fərqlənir. "Füzuli" kantatasında isə Füzuli poeziyasının obraz dairəsi polifonik musiqi inkişafına uğramış, xor musiqisi vasitəsi ilə ifadə edilmişdir. Kamera musiqisinə, xüsusilə instrumental musiqiyə maraq daha da artır.(Q.Qarayev, F.Əmirov, C.Hacıyev, E.Nəzirova, A.Rzayev və b.). Mahnı janrının yüksəlişi S.Rüstəmov, T. Quliyev, R Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990-cı ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.


60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir. Azərbaycan bəstəkarlarının peşəkarlıqlarının təkmilləşməsi, yazı texnikalarının püxtələşməsi, yeni müasir musiqi ifadə vasitələrindən, dramaturji inkişaf prinsiplərindən istifadə etməyə şərait yaradır.
Bu illərin musiqi yaradıcılığında olan nailiyyətlər onun məzmun dairəsinin zənginləşməsi, ədəbi mənbələrinin diapazonunun genişlənməsi, müasir mövzunun şəxsi yaradıcı surətdə həlli ilə bağlıdır.


70-80-ci illərdə ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular müasir dövrün aktual fəlsəfi-etik problemləri ilə əlaqədə verilir. Şəxsi təkraredilməz yeni forma, ifadə vasitələri axtarışları aparılır. Folklorla əlaqə yeni səviyyədə, musiqi təfəkkürü sistemi səviyyəsində təzahür edir. Bu təmayüllər Q.Qarayevin ("Lenin" oratoriya-plakatı, 1970; "Dostluq himni" kantata-plakatı 1972), C.Cahangirovun ("Nəsimi" kantatası 1980), A.Əlizadənin ("26-lar" kantatası), A.Məlikovun ("Torpağın səsi" kantatası), R.Mustafayevin ("Təntənəli kantata"sı) və b. əsərlərində öz ifadəsini tapır.


Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır. Bu dövrdə Ə.Abbasov ("Qaraca qız", 1965), R.Hacıyev ("Ləzgihəngi", "Yallı", "Üç inqilab", "Alov", "Hürriyyə", 1969, 1970, 1974,1975,1979), T.Bakıxanov ("Xəzər balladası", "Şərq poeması", 1968,1989), F.Qarayev ("Qobustan kölgələri", "Kaleydoskop", 1969,1971), L.Vaynşteyn ("İlham", 1977), N.Məmmədov ("Humay", 1981), A.Əlizadə ("Babək", 1986) baletlər yaradırlar. R.Mustafayevin "Vaqif" (1960), S.Ələskərovun "Bahadır və Sona" (1961), İ.Məmmədovun "Tülkü və alabaş" (1963), V.Adıgözəlovun "Ölülər" (1963), Z.Bağırovun "Aygün", "Xottabıç" (1972,1979), Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz" (1971, 2-ci redaksiyası 1975), S.Axundovanın "Gəlin qayası" (1972, tamaşası 1974), M.Quliyevin "Aldanmış kəvakib" (1977), C.Cahangirovun "Xanəndənin taleyi" (1978) operaları 60-70 illər Azərbaycan opera sənətini təmsil edir. R. Hacıyevin "Romeo mənim qonşumdur" (1960;1963 ildə ekranlaşdırılmışdır), "Kuba, məhəbbətim mənim" (1963), "Təbəssümünü gizlətmə" (1969), "Dördüncü fəqərə" (1973), "Ana, mən evlənirəm" (1976), "Yol ayrıcı" (1981) operettaları müxtəlif səhnələrdə tamaşaya qoyulmuşdur. Q.Qarayevin "Çılğın qaskoniyalı" müziklində (1973; E.Rostanın "Sirano de Berjerak" pyesinin motivləri üzrə) janrın yeni aspektləri meydana çıxır. Bu çağın Azərbaycan operettası Z.Bağırov ("Qaynana", 1964), S.Ələskərov ("Milyonçunun dilənçi oğlu" 1966; Ü.Hacıbəyov adına Respublika mükafatı 1967), T.Quliyev ("Sənin bircə sözün", "Sabahın xeyir Ella!", 1967, 1973), A.Məlikov ("Dalğalar", 1967), A.Rzayev ("Hacı Kərimin aya səyahəti", 1967), T.Bakıxanov və N.Məmmədov ("Məmmədəli kurorta gedir" 1969), V.Adıgözəlov ("Nənəmin şahlıq quşu", 1971), E.Sabitoğlu ("Hicran", "Nəğməli Könül", 1973, 1983), C.Cahangirov ("Təzə gəlin", 1976), R.Mirişli ("Qaçırılmış qız",1981) və b. əsərləri ilə təmsil olunmuşdur. 
Azərbaycan bəstəkarları simfonik musiqinin müxtəlif janrlarına müraciət etmişlər. Q.Qarayevin "Don Kixot" simfonik qravürləri (1960), kamera orkestrı üçün 3-cü simfoniyası (1965) və skripka ilə orkestr üçün konsertində (1967) çağdaş dövrün mürəkkəb təzadları, bəstəkarın həyat, insan haqqında düşüncələri əksini tapmışdır. Q.Qarayev Üçüncü simfoniya və Skripka konsertində 12 tonlu seriya texnikası ilə milli musiqinin üzvü sintezinin parlaq nümunəsini yaratmış, millilik anlayışının yeni çalarlarını müəyyənləşdirmişdir. Bu əsərlər Azərbaycan simfonizminin inkişafında keyfiyyətcə yeni mərhələ olub, müasir yazı texnikasının istifadəsində inqilabi çevriliş əhəmiyyətinə malikdirlər. F.Əmirovun "Azərbaycan kapriççiosu" (1961), "Gülüstan -Bayatı-Şiraz" simfonik muğamı (1971), "Azərbaycan qravürləri" (1977), janr rəngarəngliyi ilə seçilir. S.Hacıbəyov (böyük simfonik orkestr üçün konsert, 1964; Azərbaycan SSR Dövlət mükafatı, 1970), C.Hacıyev (5-ci "İnsan, Torpaq, Kosmos" simfoniyası, 1972), A.Məlikov (2-6-cı simfoniyalar, 1969-1985; "Metamorfozlar", 1964), A.Əlizadə (1-4-cü simfoniyalar, 1962, 1966, 1984, 1985), X.Mirzəzadə ("Altmış üçüncü ilin oçerkləri", 1963; 2-ci simfoniya, 1970; Azərbaycan SSR Dövlət mükafatı, 1976), V.Adıgözəlov (fortepiano ilə orkestr üçün 3-cü konsert, 1985; 3-cü simfoniya 1976), R.Mustafayev 2-ci və 3-cü simfoniyalar, 1979, 1983), M.Mirzəyev (skripka ilə orkestr üçün simfoniya 
O, mədəniyyət və incəsənətin inkişaf proseslərinin parlaq təşkilatçısı, milli incəsənətin alovlu təbliğatçısı kimi musiqi xadimlərinə də dəstək olmuş, onların qarşısında geniş yaradıcılıq imkanları açmışdır. Məhz onun himayə və qayğısı, mədəniyyət sahəsindəki məqsədyönlü siyasəti nəticəsində ölkənin ağır ictimai-iqtisadi durumu şəraitində Azərbaycan mədəniyyət və incəsənət xadimləri sənətlərini yaşadıb inkişaf etdirə biliblər. Azərbaycan bəstəkarları əsərləri ilə mürəkkəb dövrün məziyyətlərinə, ölkədə baş verən hadisələrə münasibət bildirmiş, zamanın ab-havasını, mənəvi çalarlarını həssaslıqla ifadə etmişlər. 


Əldə etdiyi müstəqillik nəticəsində Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni cərəyanlara inteqrasiya etmək imkanları genişlənir. Dünyada gedən ümumi qloballaşma prosesinin axınına düşən Azərbaycan bəstəkarları bu şəraitdə milli ənənələrin, irsin qorunmasına xüsusi fikir verir, milli musiqi ilə müasir tendensiyaları yeni səviyyədə, yeni formalarda sintezləşdirməyə çalışırlar. Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.
Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası M.Babayevin "Ağlama, torpağım, ağlama" (1990) kantatası; A.Dadaşovun Şuşaya həsr edilmiş 11 saylı simfoniyası (1997), H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999)və b. Bu dövrdə bəstəkarlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik ədəbiyyat nümunələrindən bəhrələnmişlər: V.A. Adıgözəlov " Xan qızı Natəvan" (2001) operası, A.Əlizadə "Qafqaza səyahət" (1997) baleti, R.Mustafayev "Füzuli" (1993) vokal-simfonik poeması, "Məhəmməd və Leyla" (2000) oratoriyası, Ə.Əzizlinin "Nəbi" (1993) operası, M.Quliyevin simli orkestr və qarışıq xor üçün "Şəbi Hicran" (1995) lirik poeması (Füzulinin mətninə), E.Dadaşovanın "Məhsəti"(1996) operası, O.Kazımovun "Hop-hopnamə" (1991) oratoriyası, C.Abbasovun "Rübailər" (1994) kantatası (Füzulinin sözlərinə).


2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natavana həsr edilmiş, Azərbaycanın müəyyən dövr tarixindən, "Xan qızı Natəvan" (2003 premyera 2003, dekabr) operasının premyerası oldu. Uzun fasilədən sonra səhnəyə qoyulan bu əsər milli operanın inkişaf tarixində layiqli yerini tutdu.


 

Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində

Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş 53-cü müsabiqədə iştirak etmişdir. Həmin müsabiqədə "Day After Day" mahnısı ilə təmsil olunan Azərbaycan 132 xalla finalda 25 ölkə arasında 8-ci yeri tutmuşdur. 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş 54-cü müsabiqədə "Always" mahnısı ilə təmsil olunan Azərbaycan 207 xal toplayaraq finalda 25 ölkə arasında 3-cü yeri tutmuşdur. 2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilmiş 55-ci müsabiqədə "Drip Drop" mahnısı ilə təmsil olunan Azərbaycan 145 xal toplayaraq 5-ci yeri tutmuşdur. Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Running Scared" mahnısı ilə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq müsabiqənin qalibi oldu və 2012-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazandı.

2012 Avroviziya Mahnı Müsabiqəsi — 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunub. I yarımfinal mayın 22-i, II yarımfinal mayın 24-ü, final mayın 26-da keçirilib. Müsabiqəyə 42 ölkənin təmsilçisi qatılıb. Azərbaycan, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya təmsilçiləri birbaşa finalda iştirak ediblər.

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

Bakıda 2012 Avroviziya Mahnı Müsabiqəsinin açılış mərasimi:
 

bottom of page