top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

TURİZM

Marşrutlar / Otellər / Agentliklər / Avtomobil icarəsi / Nəqliyyat

Ölkədaxili nəqliyyat

Azərbaycan Respublikası özündə hava, dəmir yolu, avtomobil yolu, dəniz yolu və boru kəməri nəqliyyatını ehtiva edən təşəkkül tapmış nəqliyyat strukturuna malikdir. 


Azərbaycan Avropadan Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq  ölkələrinə ən qısa yola malik iri logistika mərkəzidir, o, həmin ərazidə TRASEKA və Şimal-Cənub avtomobil və dəmir yolu  nəqliyyat dəhlizlərini, Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirir. 


Dövlət Satistika Komitəsinin göstəricilərinə görə, Azərbaycan Respublikasının nəqliyyat vasitələri ilə son illər 177,8 mln. ton yük daşınmışdır ki, bunlardan da  47,2%-i  avtomobil nəqliyyatının, 15,3%-i dəmir yolu nəqliyyatının, 6,6%-i dəniz yolu nəqliyyatının,  30,9%-i boru kəmərinin (o cümlədən 18,2%-i BTC və 1,8%-i Cənub Qafqaz boru kəməri vasitəsilə) payına düşür. 


Daşınan bütün yüklərin 69%-i fərdi sektor tərəfindən həyata keçirilmişdir.


Dəmir yollarının uzunluğu: 2 944 km.


Avtomobil yollarının uzunluğu: 59 141 km-dir. Onlardan  29 210 km – bərk örtüklüdür.

Hava nəqliyyatı

 

Azərbaycanın hava nəqliyyatının tarixi 20 oktyabr 1910-cu ildən – Bakının üzərindən ilk təyyarənin uçduğu gündən başladı. 1923-cü ildə Zaqafqaziya Mülki Aviasiya  Səhmdar Cəmiyyəti «ZAKAVİA» təsis edildi, 2 iyun 1938-ci ildə birinci aviasiya qrupu formalaşdırıldı. 2006-cı ildə bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  müvafiq sərəncamı ilə Azərbaycanın Mülki Aviasiya günü elan edildi. 
Hazırda  ölkənin on bir regionu hava nəqliyyatı vasitəsilə Bakı ilə bağlıdır. Son 20 il ərzində ölkənin mülki aviasiya sahəsinə 200 milyondan çox sərmayə qoyulmuşdur. Bu, aviaparkı müasir «Boeing-757» təyyarələri ilə təmin etmək, aeronaviqasiya sistemini müasirləşdirmək, iyirmi müvafiq ixtisaslar üzrə kadr hazırlığı sistemini yaratmaq, Bakı şəhərində dünyanın altmışdan çox aviaşirkətlərinin təyyarələrinə xidmət göstərən müasir beynəlxalq aeroport tikib istifadəyə vermək imkanı yaratdı. Hal-hazırda ölkənin daha beş regionunda beynəlxalq statusu almış aeroportlar tikilmişdir.


Tikintisi 2005-ci ildə başa çatmış Bakı Yük Terminalında (BYT) qərbdən şərqə və şimaldan cənuba göndərilən yüklərin qəbul edilməsi üçün hər cür şərait yaradılmışdır. Azərbaycanın Mülki Aviasiyanın idarə edilməsi və tənzimlənməsi sahəsində Dövlət Təşkilatı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasıdır (www.caa.gov.az).

Azərbaycanın hava yolları

Azərbaycan hava yolları  (AZAL, AZAL, «Azerbaijan Airlines») Qapalı Səhmdar Cəmiyyəti «Azərbaycan Hava Yolları»nın tərkibinə daxildir və iri aviaşirkət olmaqla, Azərbaycanın milli aviadaşıyıcısıdır.  «Azərbaycan Hava Yolları» QSC Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür.  Bakı şəhərində yerləşir. 


AZAL Avropa, MDB, Yaxın Şərq və Asiya  ölkələrinə sərnişin daşınmasını həyata keçirir. Hazırda MDB-nin Moskva, Sankt-Peterburq, Rostov-Don, Həştərxan, Simferopol, Tbilisi, Kiyev, Yekaterinburq, Aktau kimi şəhərlərinə birbaşa reyslər açılmışdır. Şirkət habelə Ankara, Dubay, Kabul, London, Milan, Paris, Roma, İstambul, Tehran, Tel-Aviv, Urumçi kimi şəhərlərə  beynəlxalq aviareyslər də həyata keçirir. 


2014-cü ildə uzaq məsafəli uçuşlar üçün olan «Boeing» təyyarələr partiyası alındıqdan sonra Şimali Amerikaya və Cənub-Şərqi Asiyaya da birbaşa marşrutlar açmaq planlaşdırılır.


Şirkətin fəaliyyəti və reyslərin cədvəli ilə ətraflı  AZAL-ın www.azal.az. rəsmi saytında tanış olmaq olar.



Heydər Əliyev Beynəlxalq aeroportu

Bakı şəhərindən 20 km aralıda, şimal-şərqdə yerləşən  beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq aeroportu aviaşirkətin yerləşdiyi əsas aeroportdur, o şəhərlə iki müasir, sürətli avtobanla bağlıdır. Beynəlxalq aeroportda rüsumsuz ticarət mağazaları (Duty Free) fəaliyyət göstərir, onlar həm uçuş məntəqələrində, həm də enmə məntəqələrində yerləşir.   Duty Free zonasında alınan mallar üçün vəsait həm plastik kartlarla, həm də ABŞ dolları, avro və rus rublları ilə nağd ödənilir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Heydər Əliyev Beynəlxalq aeroportunun rekonstruksiyasına başlanılmışdır. 2012-ci ilin aprelində ən ağır və müasir laynerlərin qəbulu üçün nəzərdə tutulmuş   yeni uçuş-eniş zolağı istifadəyə verilmişdir. Yeni uçuş-eniş zolağının uzunluğu 4 min metr, eni – 75 metr, sahəsi isə 325 min 500 kvadrat metr təşkil edir.

 
Rekonstruksiya sayəsində aeroportun binası daha da müasir görkəm almışdır. Aeroporta gələn sərnişinlərin baqajının qəbul olunması məntəqəsində ən müasir avadanlıq quraşdırılmışdır. Bütün işlər elm və texnikanın son nailiyyətləri nəzərə alınmaqla yerinə yetirilmiş, sərnişinlərin rahatlığı üçün  hər cür şərait yaradılmışdır. Xidmətedici sahələr genişləndirilmiş və texniki cəhətdən müasirləşdirilmişdir. İşıqlandırma sistemi özünün nadirliyi və müasirliyi ilə diqqəti cəlb edir. Vizalar və pasportların qeydiyyatı şöbələri də müasir görkəm almışdır.


Aeroportda gömrük bəyannamısini  elektron formatda doldurmaq üçün yeni avadanlıq quraşdırılmışdır. Gömrük məntəqəsində olan Azərbaycanın və Bakının xəritəsi vasitəsilə ölkəmizə gəlmiş sərnişinlər bizim respublikanın turizm imkanları, mehmanxanalar, metro stansiyaları, ölkədə fəaliyyət göstərən  aeroportlar və bir çox digər məsələlər barədə məlumatlar əldə edə bilərlər. Kompleksdə yeni monitorlar quraşdırılmış, çıxışların sayı iki dəfə artırılmışdır. Gözləmə zalları əhəmiyyətli dərəcədə genişləndirilmiş, sərnişinlərə göstərilən xidmətlərin miqdarı artırılmış və keyfiyyəti yaxşılaşdırılmışdır. Fəaliyyətdə olan aerovağzalın həm cənub, həm də şimal  terminallarında rekonstruksiya aparılmışdır. Bərpa işləri  qurtardıqdan sonra Heydər Əliyev Beynəlxalq aeroportu rahatlığına və texniki təchizhatına görə, şübhəsiz,  dünyanın ən yaxşı aeroportlarından birinə  çevriləcəkdir. 
Heydər Əliyev Beynəlxalq aeroportunun rəsmi  saytı: www.airport.az

Dəmir yolu nəqliyyatı

Xatırlatmaq istərdik ki, Azərbaycan Dövlət Dəmir yolu (ADDY) 1880-ci ildə yaradılmışdır. Hazırda Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2 944 km, istismar olunan dəmir yollarının uzunluğu isə  2 122 km təşkil edir, onlardan  815 km – iki yolludur. 
«2008-2011-ci illərdə Azərbaycan Dəmir yollarının inkişafı Proqramına» müvafiq olaraq,  TRASEKA dəhlizinin mərkəzi seqmenti olan 503 km uzunluğunda  Bakı-Gürcüstan sərhəddi sürətli dəmir yolu magistralının layihələndirilməsi üzrə işlər aparılır.  
Bakı-Tbilisi-Qars magistralında uzunluğu 100 km olan yeni  dəmiryolu sahəsinin tikintisinə və Bakı-Tbilisi-Türkiyə sərhəddi dəmir yolu infrastrukturunun bərpasına xüsusi diqqət yetirilir, bu yol Orta və Mərkəzi Asiya regionunu Azərbaycandan, Gürcüstandan, Türkiyədən keçməklə Avropa ilə birləşdirəcəkdir. Çindən və Qazaxıstandan  çıxan dəmiryol qatarları Orta Asiyadan, Xəzər regionundan, Bakı və  Tbilisidən keçməklə İstambula çata, oradan Bosforun altından salınmış tunel vasitəsilə Avropaya yönələ bilərlər.


Bakı dəmiryol vağzalı

Bakı dəmiryol vağzalı binaları kompleksi 1884-cü ildə tikilmiş köhnə Tiflis vağzalından, yeni Bakı-Sərnişin vağzal binasından (XX əsrin 60-70-ci illəri) və işçilərin Abşeronun neft mədənlərinə daşınması (Bakı-Sabunçi) məqsədilə xüsusi olaraq SSRİ-də  ilk elektrik qatarları üçün tikilmiş (1924-cü il) Sabunçi  vağzalından ibarətdir.


Vağzal kompleksi şəhərin mərkəzində, 28 May metrostansiyasının yanında yerləşir. Buradan Bakı-Moskva-Bakı, Bakı-Həştərxan-Bakı, Bakı-Mahaçqala-Bakı, Bakı-Rostov-Bakı, Bakı-Tbilisi-Bakı, Bakı-Xarkov-Bakı, Bakı-Odessa-Bakı, Bakı-Tümen-Bakı, Bakı-Novosibirsk-Bakı marşrutları ilə beynəlxalq sərnişin daşımaları həyata keçirilir. Habelə Gəncəyə, Sumqayıta, Hövsana, Mərdəkana şəhərətrafı elektrik qatarları da buradan yola salınır.
Vağzal kompleksindən bir neçə məhəllə qıraqda Ü.Hacıbəyli adına Konservatoriya, Azərbaycanın Milli Bankı, Heydər Əliyev adına Saray yerləşir.


Qeyd etmək lazımdır ki, Bakı dəmiryol vağzalının kassalarında biletlərin satışı  o cümlədən  POS-terminalları vasitəsilə həyata keçirilir, bu da sərnişinlərə biletin dəyərinin ödənilməsi zamanı  Visa və MasterCard ödəniş sistemləri vasitəsilə bank kartlarından istifadə etməyə imkan verir.


ADDY-nun fəaliyyəti, qatarların hərəkət cədvəli  və gediş tarifləri ilə ətraflı rəsmi www.railway.gov.az saytında tanış olmaq olar.


Dəniz nəqliyyatı və dəniz magistralları

Azərbaycan Dövlət Xəzər dənizi Gəmiçiliyi (KASPAR) Xəzər dənizi hövzəsində iri gəmi mülkiyyətçiliyi şirkətidir. Bu, əsas fəaliyyəti yüklərin (neft və neft məhsullarının) daşınması olan çoxsahəli nəqliyyat təşkilatıdır. Üzgü rayonları: Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Mərmərə dənizidir. Gəmiçiliyin inkişafının strategiyası  və prioriteti əsasən mümkün qədər Avraziya Nəqliyyat Dəhlizindən istifadəyə yönəldilmişdir.


Gəmiçiliyin əsas istehsal bazası – 70 gəmidən ibarət nəqliyyat donanmasıdır, bunlardan 34-ü tanker (sudaşıyan), 26-sı universal quru yüklər daşıyan gəmilər, 2-si Ro-ro və cəmi dedveyti 316,0 min ton olan 8 dəniz dəmiryol yük-sərnişin bərələridir.


Hazırda Azərbaycanın tanker imkanları ildə 15-20 milyon ton nəql edilən neft və neft məhsulları ilə qiymətləndirilir. Bakı-Turkmənbaşı-Bakı və  Bakı-Aktau-Bakı xətləri üzrə bərələrlə yük daşımalarının aktiv inkişafı nəzərdə tutulur.

Bakı Dəniz limanı

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli  1902-ci ildə qoyulmuşdur, indi , Xəzər dənizində olan  limanların ən irisi və ən mühümüdür. Öz fəaliyyətinə başladığı dövrdə bir neçə taxta körpü və  tərsanələrlə təchiz edilmiş Bakı Limanı bir əsr ərzində daima inkişaf etmiş  və Azərbaycanın əsas dəniz qapısına çevrilmişdir, indi o,  Transxəzər ticarətində mühüm rola malikdir. 
Liman gecə-gündüz fəaliyyət göstərir və Avropa ilə Asiya arasında aparılan ticarətdə əsas halqalardan biridir. Bu, TRASESA layihəsi – Böyük İpək yolunun bərpası sayəsində mümkün olmuşdur. 
Apreldən noyabra kimi, Rusiya çaylarında naviqasiya zamanı gəmilər qərbi Avropa və Aralıq dənizi limanlarından birbaşa reyslər həyata keçirə bilərlər. 
Transxəzər neft daşımaları həcminin əhəmiyyətli artımı və Azərbaycana neft avadanlığının idxalı fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti yüksək  dərəcədə artmışdır. Limanın müştərilərinə göstərilən xidmətlərə aşağıdakılar daxildir: quru və maye daşıyan yüklərin emalı; böyük və layihədə olan yüklərin emalı; konteynerlərin emalı (o cümlədən yükvurma/yükboşaltma); yüklərin anbara vurulması və saxlanması. 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tərkibinə daxildir: Əsas Yük Terminalı, Konteyner Terminalı, Dübəndi Neft Terminalı, Bərə Terminalı və Sərnişin  Terminalı. 
Düzdür, hazırda Dəniz limanı sərnişin daşımalarını həyata keçirmir. Ola bilsin ki, yeni Dəniz Limanının işə salınması ilə onu da bərpa etmək mümkün olacaqdır. 
Bakı Dəniz Limanı barədə ətraflı məlumatı 
www.bakuseaport.az saytında almaq olar.

Bakı şəhərinin Yeni Beynəlxalq Ticarət Limanının tikintisi

2007-ci ilin sentyabr ayında «GSEngineering&Construction» Koreya şirkəti Ələt qəsəbəsində tikiləcək yeni dəniz limanı layihəsinin son versiyasını Respublika Nəqliyyat Nazirliyinə təqdim etmişdir. Dəniz limanının Bakı şəhərinin mərkəzindən Ələt qəsəbəsinə köçürülməsi 2015-ci ildə başa çatmalıdır. İlkin hesablamalara görə yeni dəniz limanının tikintisi ən azı 400 milyon ABŞ dollarına başa gələcəkdir. 


Layihəyə görə, limanda 11 yanalma körpüləri olacaqdır. Beynəlxalq standartlar səviyyəsində tikilmiş yeni liman 2015-ci ildə artıq 11,6 milyon ton yük qəbul edib emal edə bilər. Nəzərdə tutulan perspektivlər baxımından  bu, Böyük İpək yoluna çıxışın qapısı olacaqdır.


Avtomobil nəqliyyatı

Azərbaycanda ümumi istifadə üçün olan avtomobil yollarının uzunluğu 24 981 km təşkil edir. Onlardan 191 km-i avtomobil nəqliyyatının hərəkəti üçün  4 zolaqlı avtomagistral tələblərinə cavab verir. Ölkə üzrə avtomobil yollarının ümumi sıxlığı   288 km/1000 kv.km təşkil edir.


Avtomobil yolları şəbəkəsi ölkənin bütün şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava və dəniz limanları, dəmiryol stansiyaları, qoruqları, kurort və turist istirahət zonaları, habelə qonşu ölkələrlə sərhəd ayırıcı məntəqələri ilə etibarlı surətdə bağlıdır. 
 Sərnişin və yük daşıyan nəqliyyat axınının keçdiyi əsas avtomobil yolları uzunluğu 503 km olan Bakı-Ələt-Gənca-Qazax-Gürcüstan sərhədi (TRASEKA dəhlizinin Azərbaycan seqmenti) və uzunluğu 521 km olan Rusiya -Bakı-Astara- İran İslam Respublikasının sərhədidir («Şimal-Cənub» dəhlizinin Azərbaycan seqmenti).


Avtomobil nəqliyyatı Azərbaycanda tam özəlləşdirilmişdir. Sərnişinlərin və yüklərin daşınmasında əsasən səhmdar cəmiyyətlər və özəl sektor (firmalar və fiziki şəxslər) çalışır.


Azərbaycan Respublikasına və onun ərazisindən keçməklə yüklərin digər ölkələrə daşınmasını Avropa və Asiyanın 40 ölkəsinin avtomobil daşıyıcıları həyata keçirir. Azərbaycan Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İran İslam Respublikasının şəhərləri ilə sərnişin avtobus nəqlinə malikdir. 
Beynəlxalq  sərnişin daşınması şəhərin girişində yerləşən Bakı avtovağzal kompleksindən həyata keçirilir.


Şəhərlərarası və beynəlxalq avtobus marşrutlarının gediş cədvəlləri və qiymətləri ilə rəsmi www.mtrans.az saytında tanış olmaq olar.

Bakı  metropoliteni

Bakı metropoliteni öz işinə  6 noyabr 1967-ci ildə başlamışdır, hazırda 23 stansiya fəaliyyət göstərir, xətlərin ümumi uzunluğu   34,6 km.-dir. Qatarların mürəkkəb strukturlu hərəkətinə malik iki  xətti vardır, bunları da şərti olaraq 5 marşruta bölmək olar.


2010-cu ildə «Dərnəgül» stansiyasının yanında İlqar Qarayev adına  ikinci deponun tikintisinə başlandı, 2014-2015-ci illərdə onun açılışı  gözlənilir. 
Bakı metropolitenin rəsmi saytı: 
www.metro.gov.az

Marşrutlar / Otellər / Agentliklər / Avtomobil icarəsi / Nəqliyyat

bottom of page