Bakı Dəmiryol Stansiyası.
İsmailiyyə Sarayı — Bakı şəhərində yerləşən saray. Saray Bakı milyonçusu Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmişdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı.
Azərbaycan Dövlət Filarmoniyası — Bakıda konsert kompleksi.
Səadət Sarayı və ya Muxtarovun evi — Milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelezaveta (Liza) xanım Tuqanova üçün inşa etdirdiyi saray. Sarayın layihə müəllifi memar İosif Ploşkodur.
Balaxanıda Nobel qardaşlarının neft quyuları.
AZƏRBAYCAN TARİXİ
Qədim dövr / Orta əsrlər / Yeni dövr / ADR / Sovet Azərbaycanı / Müstəqil Azərbaycan
AZƏRBAYCAN YENI DÖVRDƏ
XIX YÜZİLLİK — XX YÜZİLLİYİN ƏVVƏLİ
1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır.
1803-cü ildə Car-Balakən azad camaatlıqları Rusiyaya tabe etdirilmiş, daha sonra isə Gəncə mühasirəyə alınmışdır. Cavad xanın rəhbərliyi ilə yerli əhali yadellilərə şiddətli müqavimət göstərsə də hərbi üstünlüyə malik olan rus ordusu 1804-cü ildə Gəncəni ələ keçirir. Şəhərin adı dəyişərək imperator I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırılır. Bunun ardınca Qarabağ, Şəki, Şirvan xanlıqları Rusiyaya tabe etdirildi. 1806-cı ilin fevralın 10-da general Sisianov Bakıya yaxınlaşaraq onun təslim olmasını tələb edir. Lakin bir müddətdən sonra o burada öldürülür və rus ordusu geri çəkilməli olur. Bununla belə həmin ilin oktyabrın 8-də Bakı xanlığı, daha sonra isə Quba və Dərbənd xanlıqları da zəbt edilir.
Bu istilalarla barışmaq istəməyən İran və Osmanlı dövlətləri Rusiyaya qarşı müharibəyə başlayırlar. 1804-1813-cü il Rus-İran müharibəsi Rusiyanın qələbəsi ilə nəticələnir. 1813-cü ilin oktyabrın 12-də Gülüstan sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən gəncə, Qarabağ, Şəki, Bakı, Talış, Şamaxı və Quba xanlıqlarının torpaqları Rusiya imperiyasının tərkibinə daxil edildi.
1826-cı ilin mayında yeni rus-iran müharibəsi başlanır. Bu müharibə də rus ordusunun qələbəsi ilə nəticələnir. 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsinə əsasən bütün Cənubi Qafqaz Rus imperiyasının tərkibinə daxil edildi. 1829-cu ilin sentyabrında Rusiya ilə Osmanlı imperiyası arasında bağlanmış Adrianopol sülh müqaviləsinə görə isə osmanlı soltanı Cənubi Qafqaza olan ərazi iddialarından əl çəkirdi.
Beləliklə, 19 yüzilliyin ilk rübündə rus-iran və rus-osmanlı müharibələri nəticəsində Azərbaycan iki hissəyə parçalandı. Araz çayından şimalda olan ərazilər Rus imperiyasına daxil oldu, cənubda yerələşən torpaqlar isə İran dövlətinin tərkibinə qatıldı.
İmperiyanın tərkibinə yenicə qatılmış bu ərazilərdə rus hakim dairələri süni şəkildə demoqrafik vəziyyəti dəyişdirməyə çalışırdılar. Bu məqsədlə İran və Türkiyə ərazisindən Cənubi Qafqazda məskunlaşmağa erməni ailələri dəvət edilirdi. Təkcə 1828-1830-cu illərdə İran və Türkiyədən Şimali Azərbaycana 119 500 erməni köçürülmüşdür. Eyni zamanda ermənilərlə müttəfiq ola biləcək və xristianlığı qəbul etmiş aysorlar da bu ərazilərdə yerləşdirilirdi. Hələ 1804-cü ildə general Sisianovun Azərbaycan ərazilərində məskunlaşmağa çağırışına cavab olaraq bura 16000 aysor köçmüşdür.
Həmin illərdə Azərbaycana digər xristian xalqları da köçməyə başlayır. Bunlardan Vürtemberq krallığından gəlmiş almanları və rus mühacirlərini (təriqətçiləri) qeyd etmək lazımdır. Almanlar ölkəyə 1818-1819-cu illərdən köçməyə başlayaraq Yelendorf (indiki Xanlar), Annenfeld (Şəmkir), Yekaterinenfeld və Aleksanderqelf (Azərbaycanın tarixi torpaqları olan Borçalı ərazisində) kimi yaşayış məntəqələri yaradaraq burada koloniya şəklində məskunlaşırdılar. Rus mühacirləri isə 19 yüzilliyin 30-cu illərindən köçməyə başlayırlar. Onalar başlıca olaraq, Xəzəryanı əyalətlərdə yaşamağa üstünlük verirdilər. Yerli azərbaycanlıların özlərinin sayı isə 19 əsrin ilk yarısında 560 000 adam təşkil edirdi. Ölkənin təsərrüfatı ilk növbədə Rusiya iqtisadiyyatını xammalla təchiz etməyə yönəldilmişdir. Bu baxımdan ipəkçiliyin inkişafına böyük əhəmiyyət verilirdi. Eyni zamanda ölkədə əkinçilik, üzümçülük, tütünçülük və bağçılıq inkişaf edirdi. Həmin müddətdə heyvandarlıq və ilk növbədə qoyunçuluq və həmçinin kustar sənətkarlığın yüksəlişi də davam edirdi.
Cənubi Azərbaycanın iqisadi vəziyyəti daha ağır şəraitdə idi. Qərb ölkələrinin xammal bazası rolunu oynayan İranın bu ərazilərində feodal münasibətləri qalmaqda idi.
Hələ Şimali Azərbaycanın istilası prosesində ölkədə rus idarə sistemi tətbiq edilməyə başladı. Keçmiş xanlıq və soltanlıqlar inzibati vahidliklərə çevrilmişdir. Bunları rus zabitlərindən təyin olunan komendantlar idarə edirdi.
Şimali Azərbaycanda Qarabağ, Şəki, Bakı, Quba, Şirvan və Talış əyalətləri, Yelizavetpol dairəsi, Car-Balakən qəzası, Qazax və Şəmşədil mahalları yaradılmışdır.
1840-cı ildə yeni inzibati islahata əsasən demək olar ki, bütün Şimali Azərbaycan əraziləri mərkəzi Şamaxı olmaqla Kaspi əyaləti tərkibinə daxil edilmişdir. Bura Şamaxı, Şuşa, Nuxa (Şəki), Lənkəran, Bakı, Dərbənd və Quba qəzaları daxil idi.
Azərbaycan torpaqlarının bir hissəsi, o cümlədən Borçalı, Gürcü-Şimali İmperiya quberniyasının tərkibinə qatılmışdır. Ölkədə həm rus mülki, həm də müsəlman məhkəmələri fəaliyyət göstərirdi.
Cənubi Azərbaycan İran dövlətinin ostanlarından (əyalətlərindən) biri kimi mövcud idi. Bu əyalətin dövlət üçün əhəmiyyəti o qədər böyük idi ki, İran Azərbaycanın canişini vəzifəsinə bir qayda olaraq İran dövlətinin vəliəhdi təyin edilirdi.
Rusiyanın təsiri ilə Şimali Azərbaycanda 19 yüzilliyin 1 yarısında yeni tipli qəza məktəbləri yaranmağa başlayır. İlk belə məktəb 1830-cu ildə Şuşada açılmışdır. Artıq 19 yüzilliyin ortaları üçün belə məktəblərin sayı səkkizə çatmışdır. Cənubi Azərbaycanda isə ancaq məscid məktəb və mədrəsələri fəaliyyət göstərirdi.
19 əsrin ilk yüzilliyində tarix və fəlsəfə, coğrafiya, astronomiya və digər elmlərin inkişafı müşahidə olunur. Bu dövrdə Azərbaycanın görkəmli maarifpərvər tarixçisi Abbasqulu ağa Bakıxanov (1794-1846) özünün məşhur "Gülüstani-İrəm" əsərini yazmışdır. Azərbaycanın qədim dövrdən 19 yüzilliyin ortalarına qədərki tarixi bu əsərdə ölkə tarixşünaslığında ilk dəfə olaraq elmi dəlil və metodologiya əsasında işıqlandırılmışdır.
Bu dövrdə azərbaycanlılar Rusiyanın məşhur universitetlərində Moskvada, Sankt-Peterburqda və Kazanda oxumağa başlayırlar. Bunlardan ən məşhurları Mirzə Cəfər Topçubaşov və Məhəmməd Əli Kazım bəy olmuşdur. Kazım bəy 1855-ci ildə Sankt-Peterburq universitetində yenicə yaradılmış şərq dilləri fakültəsinin ilk dekanı təyin edilmişdir.
Azərbaycanda bu dövrdə dekorativ
19 yüzilliyin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir.
19 yüilliyin 60-70-ci illərində misəritmə sənayesi də iti surətlə inkişaf edirdi. Belə ki, Gədəbəy mis zavodu Rusiyada ən iri misəritmə müəssisəsi sayılırdı.
İpəkçilikdə də kapitalist münasibətləri formalaşmaqda idi. Şuşa, Ordubad və Şəkidə ipəkəyirmə fabrikaları yaranmışdır. 1870-ci ilin mayın 14-də Rusiya çarı II Aleksandrın fərmanı ilə təhkimçilik hüququ ləğv edildi. Həmin dövrdə şəhər islahatı da başlandı. Bu islahata əsasən şəhərlərin özünü idarəetmə hüquqları artırılmış, şəhər dumaları yaradılmışdır.
1868-ci ilin inzibati islahatına görə Şimali Azərbaycanda mövcud Bakı və İrəvan quberniyaları ilə yanaşı Yelizavetpol quberniyası da təşkil olundu.
İslahatlara baxmayaraq, yerli əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da öz növbəsində vaxtaşırı baş verən silahlı çıxış və üsyanlarla nəticələnirdi. Bunlardan ən iriləri 1863-cü il Zaqatala və 1877-ci il Quba üsyanları olmuşdur.Xalq narazılıqlarının ayrı bir təzahür forması da qaçaqçılıq hərəkatı idi. Qaçaqlar əksərən hakim dairələrin təqiblərindən qaçıb gizlənən kəndlilər idi. Onlar hərbi dəstələrdə birləşərək iri mülkədarların və yerli məmurların mülklərinə basqın edirdilər. Tarverdi Allahqulu oğlu, Əli Xıdır oğlu, Qəmbər və Süleyman, Dəli Əli, Məşədi Məcid belə şəxslərdən idi. Sözsüz ki, bu dövr qaçaqlarından ən məşhuru Qubadlı ərazisində fəaliyyət göstərmiş Qaçaq Nəbi olmuşdur.
19 yüzilliyin sonuncu rübündə Şimali Azərbaycanda yerli milli burjuaziya yaranmağa başlayır. Onun ən görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun neft mədənləri, zavod və fabrikləri, iri torpaq sahələri və bankları, həmçinin Xəzər dənizində şəxsi ticarət donanması mövcud idi. Tağıyev əldə etdiyi vasitə ilə geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu. Onun puluna Rusiya və Avropada azərbaycanlı tələbələr təhsil alırdılar.
Bununla yanaşı ölkədə xarici kapitalın müdaxiləsi də get-gedə artırdı. Həmin dövrdə Azərbaycanda Rotşild, Simens və Nobel qardaşlarının şirkətləri fəaliyyət göstərirdi.
Burjuaziyanın yaranması ilə yanaşı Azərbaycanda yerli fəhlə sinfi də təşəkkül tapırdı. 1897-ci ildə ölkədə fəhlələrin sayı 78 min idisə, əsrin sonu üçüın onların sayı 162 minə çatdı. Azərbaycanda ilk fəhlə çıxışı 1872-ci ilin may ayında Gədəbəydə Simens şirkətinin mis mədənlərində baş vermişdir. Fəhlələr yaşayış şəraitinin yaxşılaşdırılmasını və əmək haqqının artırılmasını tələb edirdilər.
19 yüzilliyin II yarısında Şimali Azərbaycanda kapitalizmin təşəkkül tapıb inkişaf etməsi ölkədə milli mədəniyyətə, elm, ədəbiyyat, təhsil və incəsənətə dərin təsir göstərmişdir. 1872-ci ildən sonra Azərbaycanda dünyəvi xarakterli şəhər və kənd məktəblərinin sayı xeyli artmışdır. Ancaq bu təhsil ocaqlarında tədris rus dilində aparılırdı. Ona görə də köhnə tipli təhsil müəssisələri-mollaxanalar qalmaqda idi. Çünki burada təhsil ana dilində həyata keçirilirdi.
Bu dövrdə mövcud olan tədris sistemində rus-tatar (Azərbaycan) məktəbləri mühüm rol oynayırdılar. İlk belə məktəb 1881-ci ildə Bakıda açıldmışd ır.
Müəllim kadrlarının hazırlanmasında Zaqafqaziya Qori seminariyasının rolu xüsusilə böyük idi. 1879-cu ildə burada azərbaycan bölməsi açılmışdır. 1866-cı ildə Bakıda ilk kişi, 1874-cü ildə isə qadın gimnaziyaları fəaliyyətə başlayır.
Azərbaycanın ilk xalq kitabxanaları da bu ərəfədə, 1876-cı ildə Şamaxı və Şuşada, 1868-ci ildə Yelizavetpolda, sonra isə Bakı, Quba və Lənkəranda yaradılmışdır.
1875-ci ilin iyulun 22-də ilk azərbaycan dilli qəzet-"Əkinçi" işıq üzünü gördü. Onun təsisçisi Moskva Universitetinin məzunu maarifçi-demokrat Həsənbəy Zərdabi olmuşdur.
1873-cü ildə azərbaycan dilində ilk teatr tamaşası göstərildi. Ondan 10 il sonra 1883-cü ildə H.Z.Tağıyev Bakıda ilk teatr binasını (indiki Musiqili Komediya teatrı) inşa etdirdi.
Eyni zamanda ədəbiyyatda da canlanma prosesləri müşahidə olunurdu. Seyid Əzim Şirvani həm lirik, həm də satirik əsərlər yaradır, Cəlil Məmmədquluzadə kiçik hekayələr yazmaqla yanaşı 20 yüzilliyin əvvəlindən ilk azərbaycan satirik jurnalını "Molla Nəsrəddin"i nəşr etdirməyə başlamışdır. Nəcəf bəy Vəzirov bu dövrün tanınmış dramaturqlarından sayılırdı. Qarabağ xanının qızı Xurşud Banu Nətavan təkcə şair kimi deyil, həm də özünün maraqlı rəsmləri və gözəl tikmələri ilə də məşhur idi.
Cənubi Azərbaycanda həmin dövrdə iqtisadi vəziyyət tamamilə başqa cür idi. Əhalinin əsas hissəsi natural xarakterli kənd təsərrüfatı ilə məşğul olurdu. Ölkədə bütün hakimiyyət şahın əlində cəmləşmişdir. Bununla belə Maku xanlığı müəyyən imtiyazları saxlamağa müvəffəq olmuşdur. Ümumiyyətlə, Cənubi Azərbaycan Qacar sülaləsinin xarici və daxili siyasətində müstəsna əhəmiyyət kəsb edirdi. Ona görə də Təbriz İran dövlətinin II paytaxtı hesab olunurdu.
19 yüzilliyin 2 yarısından Cənubi Azərbaycan xarici şirkət və kompaniyaların şiddətli istismarına məruz qalmışdır.
Bu şəraitdə əhalinin bir hissəsi doğma torpaqlarını tərk edib daha yüksək inkişaf etmiş Şimali Azərbaycana köçməyə məcbur olurdu. Bu dövrdə Rusiya və Britaniya şirkətləri İran şahından kəndlilərdən tütünün alınmasında müstəsna hüquqlar əldə olunmasına nail olurdular. İnhisarçı vəziyyətdən istifadə edən bu şirkətlər tütünü becərən kəndlilərə məhsula görə cüzi vəsait ödəyirdilər. Bu da haqlı olaraq yerli əhalinin narazılığına səbəb olurdu. Tütünçülükdə inhisarçılığa qarşı hərəkatın əsas mərkəzi Təbriz şəhəri idi.
1891-ci ildə burada kütləvi çıxışlar başladı, əhali silahlanaraq hərbi dəstələr yaradırdı. Belə vəziyyətdə 1892-ci ildə şah xarici şirkətlərin tütünçülükdəki inhisalarını ləğv etməyə məcbur oldu.
20 yüzilliyin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95 % təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi.
Ölkənin iqtisadi həyatında nəqliyyat infrastrukturu mühüm rol oynayırdı.
Bakı Xəzərin baş limanı qalmaqda idi. 1883-cü ildə Bakı Tiflis dəmir yolu istifadəyə verildi. Daha sonra Bakı ilə Dərbənd arasında dəmir yolu fəaliyyətə başladı. Neft sənayesi ilə yanaşı ölkədə maşınqayırma, gəmitəmiri, yeyinti, tikinti sənayeləri, bank işi, rabitə xidmətləri və s. sahələr iti surətlə inkişaf edirdi. Ölkədə yerli milli mənşəli burjuaziya formalaşırdı. H.Z.Tağıyevdən başqa ölkədə Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağabala Quliyev, Əbdülhəmid Ələsgərov və bir çox başqaları işgüzar fəaliyyətlə məşğul olub geniş miqyaslı xeyriyyəçilik işləri görürdülər.
1904-cü ildə Bakıda müsəlman aləmində ilk dəfə olaraq "Hümmət" sosial-demokrat təşkilatı meydana gəlir. Müsəlman zəhmətkeşlərin hüquqları uğrunda mübarizə aparan bu təşkilat "Təkamül" və "Yoldaş" qəzetlərinin nəşr etdirirdi.
1908-ci ilin fevralında Yelizavetpolda "Sosial-federalistlərinin türk inqilabi komitəsi" təsis olundu. Həmin ilin yayında müsəlman əhalisinin hüquqları uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoymuş "Qeyrət" təşkilatı yaranır. 1911-ci ilin oktyabrında Bakıda "Musavat" partiyası fəaliyyətə başlayır. 1913-cü ildən etibarən bu partiyanın əvəzolunmaz lideri M.Ə.Rəsulzadə olmuşdur. Partiyanın mətbu orqanı "Açıq söz" qəzeti idi. Bu partiya Azərbaycan xalqının birləşməsində mühüm rol oynamış nüfuzlu və ən böyük siyasi qüvvə idi.
Şimali Azərbaycanın demokratik nümayəndələri digər mübarizə formalarından da istifadə edirdilər. 1906-cı ildə Rusiyada çağırılmış Dövlət Dumasının işində azərbaycanlı deputatlar Əlimərdan bəy Topçubaşov, İsmayılxan Ziyadxanov, Ələkbər Xasməmmədov, Məmmədtağı Əliyev, Əsədullabəy Muradxanov, Əbdürrəhimbəy Haqverdiyev, İsmayıl Tağıyev, Məmmədyusif Cəfərzadə, Fətəlixan Xoyski, Xəlil Xasməmmədov, Zeynal Zeynalov, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov fəal iştirak edirdilər. Dumanın tribunasından onlar Rusiya hökümətini müsəlmanları sıxışdırmaqda günahlandırır, xristianlarla eyni hüquqa malik olmasını tələb edirdilər.
Rusiyada 1917-ci il fevral inqilabından sonra martın 9-da Cənubi Qafqazda yeni yerli hakimiyyət Xüsusi Zaqafqaziya Komitəsi yaradılır. Şimali Azərbaycandan bu komitəyə IV Dövlət Dumasının deputatı M.Y.Cəfərov daxil olur. Həmin ərəfədə Gəncə adını yenidən almış Yelizavetpolda "Türk federalistlər partiyası" təsis olunur. 1917-ci ilin iyulunda bu partiya "Musavat"la birləşir.
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmalarının qurultayı çağırılır. Qurultay bütün Rusiya müsəlmanlarının muxtariyyəti uğrunda mübarizə aparmağı qərara alır.
1917-ci ilin oktyabrın 25-də Petroqradda hakimiyyət bolşeviklərin əlinə keçdi. Oktyabrın 31-də bolşeviklər Bakı fəhlə, əsgər və kəndli deputatları sovetinin sədri Stepan Şaumyan başda olmaqla Bakıda hakimiyyətə gəldilər. Lakin Cənubi Qafqazın demokratik qüvvələri onları tanımaqdan imtina etdilər. 1917-ci ilin noyabrın 13-də Cənubi Qafqaz höküməti onun Zaqafqaziya komissariatı təşkil olunur. Azərbaycandan bura Fətəlixan Xoyski, M.Y.Cəfərov və X.B.Məlikov daxil oldu. 1918-ci ilin əvvəlində üç firqədən (azərbaycan, gürcü, erməni) ibarət Zaqafqaziya seymi (parlamenti) yaradılır. Seym Cənubi Qafqazın Rusiyadan ayrılması ideyası ilə çıxış edir. Bu ərəfədə 1918-ci ilin yazında Şaumyanın başçılıq etdiyi Bakı Soveti ilə "Musavat" arasında münasibətlər kəskinləşir. Həmin ilin martın 30-da bolşeviklər "Daşnaksütun" erməni millətçi partiyası ilə birlikdə Bakıda azərbaycan-erməni hərbi qarışdurmasını törədirlər. Bu münaqişə zamanı on minəcən azərbaycanlı qətlə yetirilir. Hakimiyyət isə bütövlükdə Şaumyanın əlinə keçdi.
20 yüzilliyin əvvələrində Azərbaycan mədəniyyətinin inkişafı davam edirdi. 1901-ci ildə H.Z.Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman qızları üçün məktəb açıldı.
Bu dövrdə ölkədə müxtəlif mədəni maarif müəssisələri kitabxana və qiraətxanalar, klublar və cəmiyyətlər fəaliyyət göstərirdi. Onların əsas məqsədi azərbaycanlıların maarifləndirilməsi idi.
Yeni qəzet və jurnallar nəşr olunurdu. Azərbaycan dilində "Hümmət" və "Təkamül", rus dilində isə "Bakinski raboçi" və "Kaspi" qəzetlərinin çapı davam edirdi. Ölkədə və demək olar ki, bütün şərq aləmində Azərbaycanda buraxılan "Molla Nəsrəddin" jurnalı geniş yayılmışdır.
1908-ci ilin yanvarın 12-də Tağıyev teatrında ilk milli opera olan Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" əsərinin birinci tamaşası verildi. 1913-ci ilin oktyabrın 25-də ilk dəfə olaraq "Arşın mal alan" milli musiqili komediyası göstərildi. Bu əsər Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları tərəfindən yazılmışdır. 1916-cı ildə Müslüm Maqomayev özünün "Şah İsmayıl" operasını yaratdı.
Bu dövrdə Azərbaycan teatrının görkəmli şəxsiyyətləri olan Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzəağa Əliyev və Sidqi Ruhulla yaşayıb və yaratmışdırlar. Məhz bu illərdə müasir Azərbaycan rəssamlıq məktəbinin təməli qoyulmuşdur. Bu ilk növbədə Əzim Əzimzadə və Bəhruz Kəngərli kimi rəssamların adları ilə bağlıdır.
20 yüzilliyin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu.
1908-ci lin dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-ci-1911-ci illər İran inqilabının başlanması hesab olunur.
İnqilabçıların əsas tələbləri konstitusiyanın qəbul edilməsi, məclisin (parlamentin) çağırılması, xarici məmurların qovulması idi.
1906-cı ilin avqustun 5-də Müzəffərəddin şah (1896-1907) məclisə seçkilər və konstitusiya haqqında fərmanları imzaladı. Elə o vaxtda Təbrizdə yeni hakimiyyət orqanı Azərbaycan əncumanı yaradıldı. Eyni zamanda fədailər adlı hərbi dəstələrin təşkili başladı. Bu dəsətələrin əsas məqsədi inqilabı müdafiə etməkdən ibarət idi.
1907-ci ildə İranda Məhəmmədəli şah (1907-1909) hakimiyyətə gəlir. O, qarşısına inqilabı yatırmaq, əncuman və fədai dəstələrini ləğv etmək məqsədini qoyur. Buna cavab olaraq 1907-ci ilin fevralın 8-də Təbrizdə üsyan baş verdi. Üsyançılar şahın canişinini və onun məmurlarını həbs edərək hakimiyyəti ələ keçirdilər. Tezliklə üsyan İranın digər əyalətlərinə də yayılır. Belə bir şəraitdə şah konstitusiyanı bərpa etməyə və məclisin çağırılmasını vəd etməli olur. Bu vaxtdan başlayaraq Təbriz 1905-1911-ci illər İran inqilabının mərkəzinə çevrilir.
Təbrizdə demokratik dəyişikliklər həyata keçirilir. Şah məmurları vəzifələrindən azad olunur, yeni tipli dünyəvi məktəblər açılır, "Əncuman", "Musavat" və "Təbriz" kimi demokratik yönlü qəzetlər nəşr olunmağa başlanır.
Laikn artıq 1907-ci ilin dekabrında şah rejimi yenidən inqilabı boğmağa cəhd edir. Buna cavab olaraq, Azərbaycan əncumanı Məhəmmədəli şahın taxtdan devrilməsini elan edir. 1908- ci ilin may-iyun aylarında şah inqilabı yatırmaq məqsədi ilə xarici ölkələrin hərbi qüvvələrindən istifadə etməli olur. Həmin ilin iyunun 23-də Təbrizdə yerləşdirilmiş rus kazak briqadası yerli əhaliyə qarşı cəza tədbirləri görməyə başlayır. Eyni zamanda şah ordusu da Təbrizə yürüş edir. Yerli inqilabi qüvvələrə Səttarxan və Bağırxan rəhbərlik edirdi. Onlar nəinki Təbriz və Azərbaycanda, həm də bütün İran dövlətində böyük hörmət və nüfuza malik olan şəxslər idi. Onların başçılıq etdiyi hərbi dəstələr 1908-ci ilin iyun ayında şah ordusu üzərində qələbə çaldı. Həmin ildə şah ordusu Təbrizi ələ keçirmək üçün iki dəfə də cəhd etdi. Lakin hər iki cəhd uğursuzluqla nəticələndi. İran inqilabı dünyanın bütün tərəqqipərvər qüvvələri tərəfindən dəstəklənirdi. Şimali Azərbaycanın demokratik dairələri İran inqilabçılarına maddi və mənəvi yardım göstərirdilər.
1909-cu ilin yanvarında şah ordusu dördüncü dəfə Təbrizi mühasirəyə aldı. Şah rejiminə Rusiya və Britaniya imperiyaları hərbi və maliyyə yardımı göstərirdilər. Nəticədə 1909-cu ilin aprelin 29-da rus ordusu Təbrizi ələ keçirə bildi.
1909-cu ilin iyununda Məhəmmədəli şah taxtdan devrildi. İranın yeni şahı Əhməd Qacar (1909-1925) oldu. İran inqilabını davam etdirmək məqsədilə 1909-cu ilin iyununda İran demokratik partiyası təsis olunur. Onun mətbu orqanı olan "İrane nou" (Yeni İran) qəzetinin redaktoru bu dövrdə M.Ə.Rəsulzadə idi.
1911-ci ilin əvvəlində irtica yenidən baş qaldırır. Məhəmmədəli şah yenidən hakimiyyətə qayıdır. Rusiya və Britaniyanın dəstəyi ilə o İran inqilabının nailiyyətlərini ləğv etməyə başlayır. 1911-ci ilin avqustun 11-də şah ordusu Təbrizə qarşı beşinci yürüşə başlayır.
İnqilabi qüvvələr irtica qüvvələri üzərində bir neçə qələbə əldə edə bildilər. Məhəmmədəli şah ikinci dəfə olaraq hakimiyyətdən əl çəkməli oldu. Vəziyyətin belə tərzdə cərəyan etməsindən qorxan Rusiya və Britaniya baş verən hadisələrə müdaxilə etdilər. 1911-ci ilin dekabrında rus ordusu Cənubi Azərbaycana soxuldu. Təbriz düşmən tərəfindən ələ keçirildi. İranın bütün ərazisində rus və britaniya qoşunları inqilabçı qüvvələri təqib və edam edirdi.
Beləliklə, xarici qüvvələrə arxalanan şah rejimi ölkədə inqilabi hərəkatı boğmağa nail oldu.
20 yüzilliyin əvvələrində Şimali Azərbaycanda da hadisələr iti surətlə cərəyan edirdi. 1918-ci ilin aprelin 22-də xarici müdaxilədən birgə qorunmaq və daxili əlaqələri möhkəmləndirmək məqsədilə Şimali Azərbaycan, Gürcüstan və Ermənistan Zaqafqaziya demokratik Federativ Respublikasını təsis etdilər. Təşkil olunmuş hökümətə Azərbaycan tərəfindən beş nazir daxil oldu.
Azərbaycan Tarixi Muzeyi: www.azhistorymuseum.az.
Qədim dövr / Orta əsrlər / Yeni dövr / ADR / Sovet Azərbaycanı / Müstəqil Azərbaycan