top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

AZƏRBAYCAN DÖVLƏTİ

Ümümmilli lider / Prezident / Milli məclis / İcra həkimiyyəti / Məhkəmə həkimiyyəti / Dövlət rəmzləri / Diaspora komitəsi
 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. 
Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçilyinin varisliyini təmin edir. 


Prezident Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyünün təminatçısıdır. Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. 

www.president.az


Prezident hakimiyyəti: Status

Maddə 8. Azərbaycan dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.

II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.

III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

Maddə 9. Silahlı Qüvvələr
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Maddə 99. İcra hakimiyyətinin mənsubiyyəti
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Prezident hakimiyyəti: Seçkilər
 

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.

IV. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

V. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

VI. Bu Maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.

Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı

I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm".

II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı

I. Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir.

II. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.


 

Prezident hakimiyyəti: Səlahiyyətlər
 

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidenti:

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;

2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;

10) Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;

12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;

13) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir;

14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;

15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;

16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;

17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;

18) referendum təyin edir;

19) qanunları imzalayır və dərc edir;

20) vətəndaşlıq məsələlərini həll edir;

21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

22) əfv edir;

23) dövlət təltifləri ilə təltif edir;

24) ali hərbi və ali xüsusi rütbələr verir;

25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

29) fövqəladə və hərbi vəziyyət elan edir;

30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

32) bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Prezident: Ali baş komandan
 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə sentyabrın 16-da Müdafiə Nazirliyində ölkəmizdə ordu quruculuğunun inkişafına həsr olunmuş müşavirə keçirilmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi nazirliyin binası qarşısında müdafiə naziri general-polkovnik Səfər Əbiyev qarşıladı və nazirliyin rəhbər heyətinin tədbirə hazır olduğu barədə raport verdi.

Prezident İlham Əliyev müşavirədə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

- Müşavirə Azərbaycanda ordu quruculuğunun inkişafına həsr olunur. Biz bu gün qarşıda duran vəzifələri müzakirə edəcəyik. Görülən işlər haqqında fikir mübadiləsi, təhlil aparılacaq və gələcək addımlar haqqında öz fikirlərimizi ifadə edəcəyik. Bütövlükdə, Azərbaycanda ordu quruculuğu prosesi sürətlə və çox uğurla gedir. Azərbaycanda nizami ordunun yaranması prosesi ölkəmizə böyük faydalar gətiribdir. Biz öz hərbi potensialımızı gücləndiririk və inanıram ki, bu proses gələcəkdə daha da sürətlə gedəcəkdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra bu proses sistemli xarakter alıb və nizami ordunun yaranması prosesi, demək olar ki, artıq başa çatıbdır. Bu gün ordumuzun həm hazırlığı, həm də maddi-texniki bazasının genişləndirilməsi prosesləri təqdirəlayiqdir.

Azərbaycan müharibə şəraitində yaşayır. Bizim torpaqlarımız işğal altındadır və belə olan halda orduya diqqət ən yüksək səviyyədə olmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi mən bu məsələlərə çox böyük diqqət göstərirəm. Demək olar ki, gündəlik bu məsələlərlə məşğulam. Çünki bizim bundan vacib məsələmiz yoxdur.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Biz çalışırıq ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Ancaq bildiyiniz kimi, uzun illər ərzində aparılan danışıqların heç bir nəticəsi yoxdur. Bütövlükdə məsələnin ədalətli həlli mümkündür və inanıram ki, biz buna nail olacağıq. Çünki beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bizim ərazi bütövlüyümüz bütün dünya birliyi tərəfindən tanınır və dəstəklənir. Tarixi ədalət də bizim tərəfimizdədir. Heç kəs üçün sirr deyil ki, ermənilər Dağlıq Qarabağa 1828-ci ildən sonra gəlməyə başlamışlar. Xatırlayıram ki, 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin buraya gəlişinin 150 illiyinə həsr edilmiş bir abidə ucaldılmışdı. Düzdür, erməni separatçıları o bölgələri işğal etdikdən sonra həmin abidəni uçurmuşlar. Ancaq bu tarixdir və hamı bunu bilir. Yəni, həm hüquqi cəhətdən, həm də tarixi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Son illər ərzində Azərbaycan iqtisadi cəhətdən də üstünlüyü əldə edibdir. Sovet İttifaqı dağılandan sonra uzun illər ərzində iqtisadi inkişaf hər iki ölkədə demək olar ki, eyni səviyyədə idi. Ancaq son illər ərzində Azərbaycan çox güclü sıçrayış etmişdir. Xüsusilə 2004-2005-ci illərdə Azərbaycanın büdcəsi kəskin şəkildə artmış, iqtisadi üstünlük əldə etmişdir. Nəzərə alsaq ki, Azərbaycanın gələcək iqtisadi perspektivləri də çox parlaqdır, bu üstünlük daha da artacaqdır.

Həm dünyada, həm də bölgədə, eyni zamanda bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlarda siyasi proseslər müsbət istiqamətdə inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi qüvvədədir. Həmin qətnamələrdə tələb olunur ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxsın. Eyni zamanda bu yaxınlarda Azərbaycan həmin məsələni yenidən Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırıbdır və artıq məsələ Baş Assambleyanın gündəliyinə salınıbdır. Bu, bizim böyük diplomatik uğurumuzdur. Bu məsələ ilə bilavasitə məşğul olan ATƏT bizim tələbimizlə bölgəyə faktaraşdırıcı missiyasını göndərmişdi. Bu missiyanın məruzəsi dərc olunmuşdur. Məruzədə göstərilir ki, işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma gedir, orada minlərlə erməni qanunsuz yerləşdirilibdir. Bu da dünya birliyinin tələblərinə, beynəlxalq hüquq normalarına Ermənistanın nə qədər məhəl qoymadığına dəlalət edir.

Avropa Şurası bu ilin yanvar ayında bu məsələyə dair birmənalı və çox ədalətli qətnamə qəbul edibdir. Orada göstərilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edib, Azərbaycan torpaqlarını zəbt edib, etnik təmizləmə siyasəti aparıb və bu siyasətin nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşübdür.

İslam Konfransı Təşkilatı Azərbaycanın mövqeyini daim və bu gün də dəstəkləyir. Biz bu dəstəyi hiss edirik. İKT dünyanın çox mötəbər təşkilatıdır. Regional müstəvidə mühüm rol oynayan, - əminəm ki, bu rol artacaqdır, - GUAM təşkilatının üzvləri də ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair öz birmənalı bəyanatlarını vermişlər. Bu, GUAM-ın sənədlərində öz əksini tapıbdır. Bir sözlə, bütün beynəlxalq təşkilatlar bu məsələyə dair öz mövqelərini açıq şəkildə ortaya qoymuşlar. Yəni, beynəlxalq təşkilatlardan bu məsələ barədə hansısa yeni bir qərar, yaxud da yeni bir qətnamə gözləmək də düzgün deyildir. Çünki, artıq nə mümkün idisə, o da edilibdir. Əlbəttə, biz çalışacağıq ki, bu məsələ gündəlikdə daim saxlanılsın. Ancaq bunu etiraf etməliyik ki, beynəlxalq təşkilatların bu məsələyə dair təklifləri və resursları tükənməkdədir.

ATƏT-in Minsk qrupunun fəaliyyəti son zamanlar daha da görünəndir. Yəni biz bunu görürük, bölgəyə səfərlər və aparılan danışıqlar, yeni yanaşmaların yaranması müsbət haldır. O cümlədən, hesab edirəm ki, Praqa prosesinin mövcud olması da çox müsbət haldır və bu danışıqlar prosesinə yeni nəfəs gətirir. Ümid edirəm ki, Praqa prosesi davam edəcək. Hər iki ölkə, Ermənistan və Azərbaycan bu prosesdə iştirak edir. Bir neçə dəfə qeyd etdiyim kimi, Praqa prosesi mərhələli həll deməkdir. Yəni, beynəlxalq aləm və ATƏT, onun Minsk qrupu bu məsələyə öz mövqeyini bildirir.

Bütün bunlarla yanaşı, məsələ öz həllini tapmır. Biz bu amillərdən, bu diplomatik, iqtisadi və başqa siyasi uğurlardan nə qədər danışsaq da məsələ öz həllini tapmır. Belə olan halda Azərbaycan nə etməlidir? Azərbaycan öz sülhməramlı siyasətini uzun illərdir aparır və bunu ifadə edir. Ancaq məsələ öz həllini tapmır. Ona görə, bizim hərbi potensialımızın güclənməsi məsələsi təbiidir. İlk növbədə, Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Torpaqlarımız işğal altındadır və bizim bir nömrəli problemimiz bundan ibarətdir. Bir nömrəli vəzifəmiz də bundan ibarət olmalıdır ki, ölkəmizin müdafiə potensialı güclənsin. Digər tərəfdən, Azərbaycanda aparılan çox səmərəli iqtisadi islahatlar bizim iqtisadi potensialımızı da gücləndirir.

Bizim büdcəmiz sürətlə artır. Gələn ilin büdcəsi təxminən 3 milyard 500 milyon dollardan daha da çox olacaq. İndi dəqiqləşmə gedir. Belə olan halda hərbi xərclər də artır. 2004-cü ildə 175 milyon, 2005-ci ildə 300 milyon, 2006-cı ildə isə 600 milyon və bu da son hədd deyil. Bildiyiniz kimi, mən vəzifə qoymuşam ki, bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır, bəlkə də onu keçməlidir və keçəcəkdir. Biz buna nail olacağıq.

Bu, Ermənistanı və bəzi beynəlxalq təşkilatları narahat edir. Yəni biz bu ifadələri eşidirik ki, Azərbaycanın hərbi büdcəsinin artması narahatlıq doğurur. Bizi də çox şey narahat edir. O cümlədən Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın öz hərbi texnikasını Gürcüstandan Ermənistana köçürməsi bizi narahat edir. Ermənistanda gedən hərbi təlimlər bizi narahat edir. Bizim hərbi büdcəmizin artmasının başlıca səbəbi də ondadır ki, 1990-ci illərin ortalarında Rusiya tərəfindən Ermənistana qeyri-qanuni şəkildə 1 milyard dollar dəyərində hərbi texnika göndərilmişdir. Bu yaxınlarda Gürcüstandan hərbi texnikanın Ermənistan ərazisinə köçürülməsi də bizi narahat edir. Ona görə, biz adekvat addımlar atırıq və bundan sonra da atacağıq.

Mən hesab edirəm ki, Azərbaycan torpaqlarının 10 ildən artıq dövr ərzində işğal altında qalması bu məsələ ilə məşğul olan tərəfləri, təşkilatları və bu təşkilatlarda aparıcı rolu olan ölkələri narahat etməlidir. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətində yaşaması narahat etməlidir. Bu ədalətsizliyin davam etdirilməsi narahat etməlidir. Beynəlxalq birliyin bu məsələyə biganə yanaşması narahat etməlidir. Ölkəmizin hərbi büdcəsinin artması bizim suveren haqqımızdır. Heç kimi narahat etməməlidir. Bu, bizim öz işimizdir, nə qədər lazım bilsək, gələcəkdə də bunu o qədər artıracağıq.

Bir məsələyə də toxunmaq istəyirəm. Son zamanlar erməni təbliğatı Azərbaycana qarşı hücuma keçibdir. Bu da təbiidir. Bu, həmişə belə olubdur. Dünyada fəaliyyət göstərən erməni lobbisi, onun havadarları, onun maliyyə dəstəyi ilə siyasi kapital qazanan bəzi ölkələrin siyasətçiləri Azərbaycana qarşı total hücuma keçiblər. Azərbaycanı dünya ictimaiyyəti qarşısında mənfi surətdə təqdim etməyə çalışırlar. Sübut etməyə çalışırlar ki, guya Dağlıq Qarabağda demokratik institutlar mövcuddur, orada demokratiya inkişaf edir, insan haqları qorunur. Azərbaycanda isə demokratiya inkişaf etmir. Tamamilə yanlış və çox təhlükəli bir tezisdir.

İlk növbədə, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə inkişaf edən ölkədir. Bunu hamı etiraf edir və ilk növbədə, Azərbaycan xalqı bunu görür və bizim siyasətimizi bəyənir. İkincisi, Dağlıq Qarabağ rejimi qeyri-qanuni bir qurumdur. Heç kim tərəfindən tanınmır. Orada kriminal rejim hökm sürür. Orada narkotiklərin yetişdirilməsi, narkotiklərin qeyri-qanuni dövriyyəsi və nəqli, silahlı qruplaşmaların məskən salması, terrorçu təşkilatların yuva salması, insan haqlarının pozulması, tamamilə hərbiləşmiş rejimin mövcudluğu riyakar siyasətçilər tərəfindən nədənsə, qeydə alınmır və Dağlıq Qarabağ sanki bu bölgədə bir demokratiya nümunəsi kimi qələmə verilir. Biz bununla razı ola bilmərik. Yenə də deyirəm, bu çox təhlükəli, yanlış və ədalətsiz bir tezisdir və bunun səbəbi də bəllidir.

Erməni lobbisinin əlindən qidalanan riyakar siyasətçilər Azərbaycanı bu yolla ləkələmək istəyirlər.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əleyhinə nə qədər çalışdılar, bir şey əldə edə bilmədilər. Onların bütün səyləri iflasa uğradı. İndi isə Bakı-Tbilisi-Ceyhan neft kəmərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bağlamaq istəyirlər. Bu da tamamilə yanlış bir mövzudur, yanlış bir fikirdir. Bunların arasında heç bir əlaqə yoxdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri beynəlxalq layihədir, beynəlxalq maliyyə qurumları, böyük dövlətlər tərəfindən dəstəklənən və uğurla həyata keçirilən bir layihədir və heç bir lobbi, heç bir erməni təşkilatı bunun qarşısını almaq iqtidarında deyildir.

Bir məsələyə də toxunmaq istəyirəm. Son zamanlar Ermənistan rəsmiləri bölgədə yeni layihənin əleyhinə çıxmağa başladılar. Bilirsiniz ki, biz Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolunun çəkilməsinin tərəfdarıyıq və Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi artıq gerçəkliyə çevrilir. Biz çox fəal işləyirik, maliyyə öhdəliyi də götürməyə hazırıq ki, bu dəmir yolu qısa müddət ərzində tikilsin. Texniki iqtisadi əsaslandırma hazırlanır və hazır olanda, Azərbaycan ilk addım kimi, maliyyə öhdəliklərini öz üzərinə götürəcəkdir.

Erməni rəsmiləri bu yaxınlarda bəyan ediblər ki, Azərbaycanın mənəvi haqqı yoxdur ki, Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilişinə vəsait ayırsın. Çox gülməli bir bəyanatdır. Onlar özlərini bir daha gülünc vəziyyətinə salırlar. Birincisi, bu, bizim öz işimizdir. İkincisi, bu, beynəlxalq regional layihədir. Burada Gürcüstan, Türkiyə və Azərbaycan iştirak edir, gələcəkdə Mərkəzi Asiya ölkələri də iştirak edəcəklər. Çünki bu, Avropanı Asiya ilə birləşdirən dəmir yoludur. Mərkəzi Asiya Azərbaycan vasitəsilə Gürcüstanla, Türkiyə ilə birləşəcək, Azərbaycan Türkiyə ilə birləşəcək. Bizim tam haqqımız var ki, bunu edək, bunu edəcəyik və heç bir erməni lobbisi bunu etməkdə bizə maneçilik törədə bilməz.

Amma əgər mənəviyyatdan danışırlarsa, gəlin, mənəviyyatdan danışaq. Onların hansı mənəvi haqqı var ki, Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlasınlar. Onlara bu haqqı kim verib? Bizim mənəvi haqqımız var ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edək və biz bunu edəcəyik. Biz öz siyasətimizi müstəqil şəkildə aparırıq. Azərbaycan xalqının iradəsinə söykənirik. Biz həm iqtisadi potensialımızı gücləndirəcəyik, həm hərbi potensialımızı gücləndirəcəyik, həm ordumuzu gücləndirəcəyik, həm də cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirəcəyik və istədiyimizə nail olacağıq.

BAKI. 17.09.2005. AzərTAc.

Ümümmilli lider / Prezident / Milli məclis / İcra həkimiyyəti / Məhkəmə həkimiyyəti / Dövlət rəmzləri / Diaspora komitəsi

bottom of page